Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupu

AHK Azərbaycanın Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupu Palatanın üzvü, LU-MUN Holdinq MMC ilə əməkdaşlıq çərçivəsində 27 may 2022-ci il tarixində yaradılmışdır.

AHK Azərbaycanın Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun fəaliyyətinin əsas məqsədləri kənd təsərrüfatı və qida sektorunda mövcud çətinliklərin araşdırılması, bu sahənin əsas mövzularına həsr edilmiş tədbirlərin keçirilməsi və müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsidir.

İşçi Qrupunun əvvəlki görüşləri

25.04.2024 AHK Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun görüşü

AHK Azərbaycanın 25 aprel 2024-cü il tarixində AHK Azərbaycanın ofisində keçirilən Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun növbəti görüşündə Xarici bazarlara çıxış üçün gərəkli sertifikatlar və həlli yolları mövzusu müzakirə olundu.

Görüşü açıq elan edən Tobias Baumann iştirakçıları salamladı və məruzəçiləri qonaqlara təqdim etdi daha sonra isə görüşün gedişatı haqqında iştirakçılara məlumat verdi. Daha sonra o, sözü Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun sədri və Food City Agropark MMC-nin İcraçı direktoru cənab Anar Ağayevə verdi.

Cənab Ağayev də, öz növbəsində iştirakçıları salamladı və işçi qrupunun fəaliyyəti həmçinin də platformanın məqsədləri barəsində məlumat verdi. İşçi qrupunun 3 fəaliyyət istiqamətindən bəhs edən cənab Ağayev, bunların çətinliklərin araşdırılması, müvafiq tədbirlərin görülməsi və çətinliklərin aradan qaldırılması olduğunu vurğuladı. Cənab Ağayev ən çox rast gəlinən çətinliklərin ixrac, bürokratik çətinliklər və maliyyə resurslarına çıxışlarla bağlı çətinliklər olduğu haqqında danışdı. Eləcə də, cənab Ağayev ixracla bağlı sertifikasiya çətinlikləri və sertifikatların alınması barədə geniş məlumat verdi.

Daha sonra isə o, sözü İncert MMC-nin direktoru cənab Şamo Muradova verdi.

Cənab Muradov da, öz növbəsində qonaqları salamladı və Xarici bazarlara çıxış üçün gərəkli sertifikatlar və həlli yolları mövzusunda çıxışına başladı. Şirkət barəsində məlumat verən cənab Muradov, şirkətin vizyonu və missiyası, həmçinin də dəyərləri olan etibarlılıq, peşəkarlıq və dürüstlük olduğunu vurğuladı. Ən çox tələb olunan sertifikatlar olan İSO 22000, BRC, HALAL və s. alınması həmçinin hansı ölkələrin bu kimi sertifikatları tələb etməsi barədə geniş məlumat verdi. FSSC 22000 standardı barəsində də məlumat verdikdən sonra, cənab Muradov bu standartın İSO 22000 standartından fərqli özəlliklərini qonaqlara söylədi. Beynəlxalq Qida Təhlükəsizliyi Fondu (GFSİ) barəsində də məlumat verdikdən sonra o, Qabaqcıl İstehsal Təcrübəsi standartı (GMP), Qida Təhlükəsizliyinə dair Britaniya standartı (BRC), Beynəlxalq Qida standartı (İFS) barəsində də görüş iştirakçılarına geniş məlumat verdi. Çıxışının sonunda isə o, kənd təsərüffat məhsullarının yetişdirilməsində standart olan Global G.A.P. eləcə də, organic sertifikat barəsində məlumat verdi,

Daha sonra isə cənab Ağayev sözü Almaniyanın Təcrübəli Ekspertlər Xidmətinin (SES) Azərbaycan üzrə layihə rəhbəti Jana Tichomirovaya verdi.

Xanım Tichomirova SES haqqında geniş məlumat verdi, həmçinin o SES-in strukturu, Afrika, Avropa, Asiya ölkələrində və eləcə də, digər ölkələrdə proyektləri reallaşdırdığını qeyd etdi. SES-in ekspertləri barəsində də, söz açan xanım Tichomirova kimlərin ekspert kimi fəaliyyət göstərə biləcəklərini və bu işin könüllü fəaliyyət olduğunu vurğuladı. Ekspertərin fəaliyyət sahələrindən də, söz açan xanım Tichomirova istehsal, konsultasiya, tibb və təhsil, əməyin keyfiyyəti və digər sahələrin adını çəkdi. Xanım Tichomirova 2023-cü ildə keçirilən layihələr arasında kənd təsərüffatı sahəsinin liderlik təşkil etdiyini qeyd etdi. Çıxışının sonunda isə o, Azərbaycanda kənd təsərüffatı və qida sənayəsi sahəsində layihələr barəsində geniş məlumat verdi.

Görüş aktiv “sual-cavab” sessiya ilə yekunlaşdı. Ətraflı

27.05.2022: Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun təsis iclası

AHK Azərbaycanın Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupu 27 may 2022-ci il tarixində keçirilmiş təsis iclası ilə öz fəaliyyətinə başlamışdı. Görüşə 20-dən çox üzv şirkətlərin nümayəndələri, eləcə də dövlət və ictimai qurumlardan iştirakçılar qatıldı.

İclası açıq elan edən cənab Fərid İsayev iştirakçıları salamladı və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun sədri cənab Rufat Tabasaranskini təqdim etdi və çıxışının davamında qeyd etdi ki, kənd təsərrüfatı mallarının istehsalı və ərzaq təhlükəsizliyi mövzuları dünya bazarlarında daha çox ön plana çıxdıqları üçün bu məsələlər biznes icması tərəfindən ciddi şəkildə izlənilir. O, daha sonra yaradılan yeni platformanın AHK Azərbaycana bu proseslərdə daha yaxından iştirak etməyə imkan verəcəyinə ümid etdiyini bildirdi. Bundan sonra Tobias Baumann iştirakçılara öz minnətdarlığını bildirdi və mövcud biznes mühitində yeni bazar imkanlarını müəyyən etmək üçün onlara fəal və səmərəli müzakirələr arzuladı.

Rufat Tabasaranski çıxışında təmsil etdiyi şirkəti qısaca təqdim etdi, qida sektorunda mövcud normativ baza və standartlardan danışdı və burada, xüsusilə də şəffaflığın artırılmasında imkanların olduğunu vurğuladı. Görüş Rufat Tabasaranskinin moderatorluğu altında iştirakçılardan təkliflərin toplanması ilə davam etdi. Həmçinin görüş zamanı razılaşdırıldı ki, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupu öz fəaliyyətini kənd təsərrüfatı və qida sektorunda normativ baza və standartlar, habelə investisiya mühitində mövcud çətinliklərin araşdırılması və ünvanlanması istiqamətində quracaqdır. Ətraflı