Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

AHK İmpuls

İnformasiya mübadiləsini təşviq etmək və üzvlərini iqtisadi sahədəki ən son inkişaf trendlərindən xəbərdar etmək məqsədilə, AHK Azərbaycan mütəmadi olaraq əsas şəbəkələşmə tədbiri olan AHK İmpuls görüşlərini təşkil edir.

People taking part event
www.freepik.com

Üzvləri birləşdirən dialoq və qarşılıqlı fikir mübadiləsi

Hər AHK İmpuls tədbiri aktual bir iqtisadi mövzuya həsr olunur və bu mövzu tanınmış bir dövlət nümayəndəsinin təqdim etdiyi çıxış ilə təqdim edilir. Bununla yanaşı, tədbir, üzv olan şirkətlərin auditoriya qarşısında öz fəaliyyətlərini təqdim etmələri, digər üzvlər, iqtisadiyyat rəhbərləri və tərəfdaş təşkilatlarla fikir mübadiləsi aparmaları üçün bir platforma yaradır.

Daha sonra tədbir iştirakçılara rahat atmosferdə qeyri-rəsmi söhbətlər və daha dərin işgüzar əlaqələr qurmaq imkanı verən şam yeməyi və bufet ilə başa çatır.

İndiyədək əhatə olunmuş mövzular:

17.10.2024: COP29 mövzusunda ikinci AHK İmpuls tədbiri

17 oktyabr 2024-cü il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) qarşıdan gələn COP29 iqlim konfransına hazırlıq məqsədilə “İnnovasiya, Əməkdaşlıq, Transformasiya: Dayanıqlı Gələcəyin Qurulması” şüarı altında növbəti tədbirini keçirib. Tədbirdə 70-dən çox qonaq iştirak edib. Tədbirin fəxri qonaqları, Kamal Abbasov, Azərbaycan Respublikası Energetika Nazirinin müavini, və Sevinc Fətəliyeva, Milli Məclisin deputatı və COP29 Təşkilat Komitəsinin üzvü, COP29 ilə bağlı aktual məqamları tədbir iştirakcılarının nəzərinə çatdırıb. Bunun ardınca isə, öz sahəsinin tanınmış nümayəndələri ilə maraqlı panel müzakirəsi keçirilib.

AHK Azərbaycan İdarə Heyətinin Sədr müavini Dr. Henning Sasse, tədbir iştirakçılarını açılış nitqi ilə salamlayıb və tədbirin proqramına dair məlumat verib. Daha sonra, o, sözü  Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirinin müavini Heiko Schwarza verib.

Cənab Schwarz öz çıxışında Azərbaycanın Alman biznesləri üçün mövcud potensial imkanlarını vurğulayıb. O həmçinin Azərbaycanda Almaniyanın innovativ təcrübəsinin mübadiləsini təşviq etmək və ölkələrimiz və bütövlükdə Aİ arasında əməkdaşlığı inkişaf etdirməyin önəmindən danışıb. Cənab Schwarz nitqini: "COP29 bu bölgədə inkişafın sürətlənməsi üçün bir katalizator rolunu oynaya bilər. Gəlin bu fürsətdən istifadə edərək, birgə innovasiyanı və dayanıqlı inkişafı irəlilədək! Mən əminəm ki, gələcəkdə Azərbaycan yalnız neft və qaz istehsalçısı kimi deyil, eyni zamanda yaşıl enerji lideri kimi də qlobal səviyyədə tanınacaq" sözləri ilə bitirib.

Daha sonra Kamal Abbasov Azərbaycanın yaşıl enerji sektorundakı dinamik inkişafı və layihələri haqqında əsas məqamları işıqlandırıb. O bildirib ki: "Strateji tədbirlərin həyata keçirilməsi nəticəsində, 2027-ci ilə qədər bərpa olunan enerji payının elektrik enerjisinin qoyuluş gücündə 33 %-ə, elektrik enerjisinin istehsalında isə 25 %-ə çatacağı planlaşdırılır. Bu təşəbbüs, quraşdırılmış tutumdakı bərpa olunan enerji payını artırmağı və elektrik istehsalını gücləndirməyi məqsəd qoyaraq, Azərbaycanın 2030-cu il üçün nəzərdə tutulmuş 30% hədəfini aşmağı mümkünləşdirir. Bu məqsədlərə çatmaq üçün Azərbaycanın bərpa olunan enerji mənbələrində əhəmiyyətli potensialı var.” Cənab Abbasov, həmçinin Azərbaycanın Masdar, ACWA Power və bp kimi aparıcı beynəlxalq şirkətlərlə bərpa olunan enerji layihələrində əməkdaşlıq etdiyini qeyd edib. Bu tərəfdaşlıqların, daxili istehlakı asanlaşdırıb, iqtisadiyyatın dekarbonizasiyasına töhfə verərək  gələn onillikdə ixracı artıracağını da qeyd edib. Əlavə olaraq, o, COP29-un dayanıqlı gələcək üçün iqlim dəyişikliyinə qarşı  mübarizədəki əhəmiyyətini vurğulayıb.

Görüşün davamında Almaniyanın İqtisadiyyat və İqlim Fəaliyyəti üzrə Federal Nazirliyinin Beynəlxalq İqlim Fəaliyyəti və Beynəlxalq Enerji Keçidi üzrə Baş direktorunun müavini Dr. Vera Rodenhoffdan önəmli bir video mesaj dinlənilib. Dr. Rodenhoff mesajında, COP29-un hökumətlər və bizneslər arasında sərhədləri aşan əməkdaşlıq üçün vacib bir fürsət olduğunu vurğulayaraq bu prosesin dayanıqlı inkişaf və yaşıl gələcəyə doğru irəliləyişə böyük tövhə verə biləcəyini bildirib. O eyni zamanda, enerji səmərəliliyinin artırılmasının zərurətini də xüsusilə qeyd edib.

Sevinc Fətəliyeva çıxışında Azərbaycanın yaşıl iqtisadiyyatını və dayanıqlı inkişafını təşviq etmək istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs edib. Əsas məqamlar arasında İsveçrədəki WTO İctimai Forumunda təqdim olunan Bakı İqlim Maliyyəsi, İnvestisiya və Ticarət Təşəbbüsü (BICFIT) yer alıb. O, həmçinin beynəlxalq standartlara uyğunluğu təmin etmək məqsədilə Azərbaycanın BMT ilə metodoloji və texniki dəstək üçün memorandumların imzalandığını vurğulayıb. Daha sonra Xanım Fətəliyeva qeyd edib ki, COP29 enerji keçidinin maliyyələşdirilməsi mexanizmlərinin təmin olunmasına yönələcək. Fəaliyyət Proqramında yer alan əsas təşəbbüslərdən biri İqlim Maliyyələşdirilməsi üzrə Fəaliyyət Fondunun (CFAF) yaradılmasıdır. Bu fond iqlim maliyyələşdirilməsində mövcud boşluqların aradan qaldırılmasında önəmli rol oynayacaq. Xanım Fataliyeva, həmçinin COP29 kontekstində Azərbaycanın Beynəlxalq Parlamentlər İttifaqı (IPU) ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Çıxışından sonra, xanım Fataliyeva iştirakçıların suallarını ətraflı şəkildə cavablandırıb.

Tədbir Sustainera Solutions şirkətinin İcraçı Direktoru İlkin Hacıyevin moderatorluğu ilə "ESG-nin Dayanıqlı inkişafda təsiri: Enerji, Nəqliyyat və Tikinti" adlı maraqlı panel müzakirəsi ilə davam edib.

Paneldə SOCAR Green MMC-nin Baş Direktoru Elmir Musayev; Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının (ASİA) İdarə Heyətinin Üzvü Khalid Samaka; PMD Projects MMC-nin Keyfiyyət və SƏTƏM üzrə Rəhbəri Vüqar Hacıyev; Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin ESG üzrə Məsləhətçisi və Dayanıqlı İnkişaf Təşəbbüsləri üzrə Layihə Rəhbəri Qurban Kərimbəyli və PwC Azərbaycanda Genişləndirilimiş Təminat Xidmətləri üzrə Baş Menecer Günay Əsgərova iştirak ediblər. Panel iştirakçıları təmsil etdikləri şirkətlərin davamlılığı və ESG strategiyaları haqqında tədbir qonaqlarını məlumatlandırıb və bu strategiyaları inkişaf etdirmək üçün müxtəlif layihələr və həll yolları ilə bağlı öz fikirlərini bölüşüb.

Tədbir sual-cavab sessiyası, canlı müzakirələr və sonda biznes naharı ilə başa çatıb. AHK İmpuls tədbirinə göstərdiyi dəstəyə görə Yelo Bank ASC-yə təşəkkür edirik.

13.06.2024: COP29 mövzusunda AHK İmpuls tədbirinin açılışı

"İnnovasiya, tərəfdaşlıq, transformasiya - COP29-dan gözləntilər"

13 iyun 2024-cü il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) qarşıdan gələn COP29 iqlim konfransına hazırlıq məqsədilə “İnnovasiya, Tərəfdaşlıq, Transformasiya - COP29-dan gözləntilər” şüarı altında silsilə tədbirlərə start verib. Bu çərçivədə ilk addım olaraq 100-ə yaxın üzv şirkət nümayəndələrinin və digər qonaqların iştirakı ilə  COP29 mövzusunda AHK Impuls tədbirini keçirib. Tədbirin fəxri qonağı, COP29 Azərbaycan üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu xanım Nigar Arpadarai COP29 ilə bağlı aktual məqamları tədbir iştirakcılarının nəzərinə çatdırıb. Bunun ardınca isə, öz sahəsinin tanınmış nümayəndələri il maraqlı panel müzakirəsi keçirilib.

AHK Azərbaycan İdarə Heyətinin üzvü cənab Fərid Quliyev tədbirin açılış nitqində qonaqlar və tədbir iştirakçılarını salamlayıb və tədbirin gündəliyi barədə məlumat verib. Sonra o, sözü Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri doktor Ralf Horlemanna verib.

28.02.2024: Azərbaycanın elektrik enerjisi sektoru: qısa baxış və islahatlar

Fevralın 28-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 70-dən çox üzv şirkətin nümayəndələri, Palatanın tərəfdaşlarının və eləcə də Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyətinin üzvləri daxil olmaqla növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Dr. Samir Axundov "Azərbaycanın elektrik enerjisi sektoru: qısa baxış və islahatlar" mövzusunda çıxış edib. Görüşdə, həmçinin Uniper Global Commodities SE-nin cənub regionu ölkələrinin qaz təchizatı üzrə vitse-prezidenti Dr. Michael Hilmer və Schneider Group-un Biznesin inkişafı üzrə baş inzibatçısı Olaf Letzel iştirak etmişdir.

AHK Azərbaycanın icraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqində tədbir iştirakçılarını salamlayıb və son zamanlarda keçirilən bir sıra tədbirlər və görüşlər barədə iştirakçıları məlumatlandırıb. Daha sonra cənab Baumann tədbirin fəxri spikeri Dr. Samir Axundovu təqdim edib, onun zəngin kariyerası və AHK Azərbaycana verdiyi töhfələr barədə söz açıb. Cənab Baumann həmçinin tədbirin təşkilində göstərdiyi dəstəyə görə Schneider Group-a minnətdarlığını bildirib. O, daha sonra sözü Dr. Michael Hilmer-ə verib.

Dr. Michael Hilmer 10 ildir bu sahədə aktiv olduqlarını, neft-qaz, eləcə də, elektrik bazarında olduqlarını deyib. Son illər baş verən dəyişikliklər barəsində də söz açan cənab Hilmer bərpa olunan enerjiyə ayrılan diqqət və "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında qanun" barəsində də iştirakçıları məlumatlandırıb. 

Cənab Letzel öz çıxışında Schneider Group-un fəaliyyəti barəsində məlumat verib. Şirkətin hüquq və vergi, interim menecment, mühasibat uçotu, daxili audit, insan resursları, bazar araşdırması və digər sahələrdə fəaliyyət göstərdiyini vurğulayıb. Çıxışının sonunda Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyətinin də bu gün tədbirdə iştirak etməsindən məmnuniyyət duyduğunu bildirib.

Samir Axundov öz nitqində "Azərbaycanın elektrik enerjisi sektoru: qısa baxış və islahatlar" mövzusunda çıxışına başlamazdan öncə Agentliyin fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra o, Elektrik enerjisi sahəsində aparılan islahatlar barəsində söz açıb. Cənab Axundov 2023-cü ildə qəbul olunan Azərbaycan Respublikasının Energetika haqqında Qanununun energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini əhatə etdiyini bildirib.

Tədbir sual-cavab sessiyası, aktiv müzakirələr və daha sonra işgüzar şam yeməyi ilə yekunlaşıb.

Tədbirin səxavətli sponsorluğuna görə Schneider Group-a minnətdarlığımızı bildiririk.

01.11.2023: Rəqabətin və dövlət satınalmalarının təkmilləşdirilməsi: tənzimləyici islahatlar

1 noyabr 2023-cu il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi cənab Məmməd Abbasbəyli “Rəqabətin və dövlət satınalmalarının təkmilləşdirilməsi: tənzimləyici islahatlar” adlı məruzə ilə tədbirdə çıxış edib. Daha sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmaları şöbəsinin müdiri Əhməd Həsənov biznes nümayəndələri ilə təlim keçirib.

Tədbir AHK Azərbaycanın İcraçı direktoru cənab Tobias Baumannın açılış nitqi ilə başlayıb. O, tədbir iştirakçılarını salamladıqdan sonra AHK İmpuls tədbirinin fəxri qonağı cənab Məmməd Abbasbəylini Palatanın üzvlərinə təqdim edərək sözü cənab Abbasbəyliyə verib.

Çıxışında cənab Abbasbəyli qonaqları salamlayıb və Dövlət Xidmətinin dövlət-özəl sektorun qarşılıqlı fəaliyyətində fəal rolunu qeyd edib. O, dayanıqlı iqtisadiyyat qurmaq və özəl sektor vasitəsilə inkişafı təşviq etmək öhdəliyi barəsində söz açıb. Cənab Abbasbəyli, həmçinin aydın və açıq tənzimləmə formatlarının vacibliyini vurğulayıb və Dövlət Xidmətinin mürəkkəb qaydaların sadələşdirilməsi və şərh edilməsində səylərini izah edib.

O, rəqabət məcəlləsi, dövlət satınalmaları, keyfiyyət və istehlakçıların müdafiəsi daxil olmaqla, istehlakçılara fayda vermək və biznesi dəstəkləmək üçün nəzərdə tutulmuş dörd əsas tənzimləyici mandatı müzakirə edib. Cənab Abbasbəyli mövcud iqtisadi reallığı əks etdirmək üçün köhnəlmiş qanunları yeniləyərək rəqabət qanunvericiliyində əhəmiyyətli islahatların aparıldığını bəyan edib. O, həmçinin müxtəlif dövlət qurumlarının kollektiv məsuliyyətini vurğulayaraq rəqabət mühitinin yaxşılaşdırılması üzrə hökumət proqramını təqdim edib.

Bundan əlavə, cənab Abbasbəyli gənc nəslin rəqabət iqtisadiyyatı ilə bağlı maarifləndirilməsi, onları biznes dünyasında gələcək karyeralarına hazırlamaq səylərini qeyd edib. Sonda, o, yeni dövlət satınalmaları qanununun əsas xüsusiyyətlərini, o cümlədən əhatə dairəsinin genişləndirilməsi, rəqəmsallaşma, büdcə şəffaflığı, prosesləri manipulyasiya edən müəssisələrin qara siyahısı, çərçivə sazişləri və potensial şikayətlər üçün gözləmə müddətini qeyd edib.

Sonra cənab Tobias Baumann sözü Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmaları şöbəsinin müdiri Əhməd Həsənova verib.

Çıxışında cənab Həsənov qonaqları salamladıqdan sonra dövlət satınalmaları haqqında yeni qanunun tətbiqi ilə bağlı geniş təqdimatla çıxış edib. Çıxışı zamanı o, qanunun tarixi təkamülü, qanunvericilik müddəalarına əməl olunmasının vacibliyi, onun müasir aktuallığını təmin etmək üçün qanunvericiliyə edilən müxtəlif yeniliklər və təkmilləşdirmələr də daxil olmaqla bir sıra mövzuları əhatə edib.

Cənab Həsənov çıxışından sonra AHK Azərbaycan üzvlərinin suallarını cavablandırıb və müvafiq sektorların nümayəndələri ilə birbaşa dialoq aparmaq imkanı yaratdığına görə Palataya minnətdarlığını bildirib. Tədbir işgüzar nahar yeməyi ilə yekunlaşıb.

04.07.2023: Azərbaycanda gömrük tənzimləməsi siyasəti: mövcud tendensiyalar və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi

İyulun 4-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 70-dən çox üzv şirkətin nümayəndələri və Palatanın tərəfdaşlarının iştirakı ilə növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırov “Azərbaycanda gömrük tənzimləməsi siyasəti: mövcud tendensiyalar və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi” mövzusunda çıxış edib. Görüşdə, həmçinin  SERA Holdinq MMC-nin təsisçisi və direktoru xanım Sevinc Rəhimova Smart Finans MMC-nin fəaliyyət istiqamətləri və xidmət sahələri haqqında məlumat verib.

AHK Azərbaycanın icraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqində tədbir iştirakçılarını salamlayıb və göstərdiyi dəstəyə görə Smart Finans MMC-yə minnətdarlığını bildirib. O, daha sonra sözü xanım Sevinc Rəhimovaya verib.

Sevinc Rəhimova öz nitqində hamını salamlayıb və SERA Holdinq MMC həmçinin onun alt şirkəti olan Smart Finans MMC-nin fəaliyyəti haqqında məlumat verib. Xanım Rəhimova  bildirib ki, şirkət maliyə, mühasibatlıq, konsaltinq və audit xidmətləri göstərir, eləcə də o, sahibkarları ən çox maraqlandıran suallardan biri olan gömrük xidmətləri barəsində danışıb və dövlətin bu sahəyə diqqətini vurğulayaraq dəstəklədiyini bildirib.

Daha sonra cənab Tobias Baumann sözü tədbirin fəxri qonağı cənab Şahin Bağırova verib.

Şahin Bağırov öz nitqində tədbir iştirakçılarını salamlayıb, Dövlət Gömrük Komitəsinin hər zaman bu cür tədbirlərə açıq olduğunu deyib və bu kimi tədbirlərin biznes-gömrük tərəfdaşlığına töhvə verdiyini vurğulayıb. Əvvəlcə, cənab Bağırov Dövlət Gömrük Komitəsinin qarşıya qoyulmuş strateji hədəfləri, missiyaları və prinsipləri haqqında geniş məlumat verib.

Daha sonra cənab Bağırov tamamlanmış layihələrin hər biri haqqında ətraflı danışıb. Cənab Bağırov həmçinin şirkətlərin Elektron Hesab Səhifəsi tətbiqinin tamamlanmasında əməkdaşlığını yüksək şəkildə qiymətləndirib, eləcə də cari ilin 10 may tarixindən etibarən idxal-ixrac əməliyyatları həyata keçirən bütün sahibkarların Elekton Hesab Səhifəsinin istifadəçisi olduğunu deyib və tətbiqin artıq mobil veriyasının da istifadəyə verildiyi haqqında məlumat verib. Cənab Bağırov həmçinin vətəndaşların gömrük idarələrindən Elektron Bildiriş Formasını tələb etməyi və bunun önəmini vurğulayıb.

Ardınca cənab Bağırov icrası davam edən layihələrin mütamadi müzakirələr əsasında aparıldığını deyib və Risk İdarəetmə Sistemi layihəsi haqqında geniş məlumat verib. Cənab Bağırov həmçinin bu layihə çərçivəsində ölkəyə gətirilən məhsullara təkcə Dövlət Gömrük Komitəsi tərəfindən deyil, həmçinin digər qurumlar tərəfindən də icazə verib-verilmədiyini Risk İdarəetmə Sistemi vasitəsilə yoxlaya biləcəklərini deyib.

Çıxışının sonunda cənab Şahin Bağırov şəffaflıq prinsipinin önəmini vurğulayıb və vətəndaşları gömrük orqanları ilə əməkdaşlığa çağırıb.

Tədbir sual-cavab sessiyası, aktiv müzakirələr və daha sonra işgüzar şam yeməyi ilə yekunlaşıb.

07.04.2023: Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə görülən yenidənqurma işləri və investisiya imkanları

Aprel ayının 7-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 60-dan çox üzv şirkətlərin nümayəndələri və Palatanın tərəfdaşlarının iştirakı ilə növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov “Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə görülən yenidənqurma işləri və investisiya imkanları” mövzusunda çıxış edib. Tədbirdə əsasən işğaldan azad edilmiş ərazilərin investisiya potensialı, indiyədək görülən işlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AHK Azərbaycanın icraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqində tədbir iştirakçılarını salamlayıb və göstərdiyi dəstəyə görə Yelo Bank-a minnətdarlığını bildirib. O, daha sonra sözü tədbirin fəxri qonağı cənab Emin Hüseynova verib.

Qarabağ regionunda yenidənqurma işləri və inkişaf haqqında məlumat verən cənab Hüseynov bildirib ki, Qarabağ regionunda ilkin mərhələ minatəmizləmə fəaliyyəti ilə başlayıb və bu proses bir il müddətində davam edib. Qarabağ regionunda hazırda yenidənqurma işləri davam etməkdədir və xüsusilə nəqliyyat və logistika, enerji və su və kommunikasiya xəttləri üzrə aktiv fəaliyyət davam edir.  

Qarabağ regionunda biznes imkanları və regionun investisiya potensialı barədə söhbət açan Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi:  “Qarabağ regionunda əsasən kənd təsərrüfatının emalı, yeyinti sənayesi, mədənçıxarma, turizm sənayesi üzrə potensial investisiya imkanları və bu sahələrin inkişafının vacibliyini vurğulamışdır. Son iki ildə nəqliyyat sisteminin bərpası və Qarabağ regionunda həyata keçirilən tikinti işlərindən söz açaraq, xüsusilə yeni salınmış hava limanlarının üstünlüklərindən bəhs etmişdir. Texnologiya və “Yaşıl Enerji” haqqında məlumat verən Emin Hüseynov Qarabağ regionunda yaşıl zonanın yaradılması məsələsinə də toxunmuşdur. Prezident İlham Əliyevin qərarı ilə 2050-ci ilə qədər potensial karbon qazı emissiyasının sıfıra endirilməsi yolunda proseslərin uğurla davam etdirildiyi bildirmişdir.

Cənab Hüseynov eyni zamanda, Almaniya şirkətlərinin Azərbaycan iqtisadiyyatına verdiyi tövhəni vurğulayaraq Qarabağ regionunda da bu əlaqələrin uğurla davam etməsinin hər iki ölkə iqtisadiyyatı üçün maraqlı olduğunu da qeyd etmişdir.

Çıxışında yerli investorların perspektivini gündəmə gətirən cənab Hüseynov, alman investorları üçün də yarana biləcək imkanlar və potensial investorlara stimulların necə təqdim olunacağına dair nümunələr verib.

Tədbir sual-cavab sessiyası, aktiv müzakirələr və daha sonra işgüzar şam yeməyi ilə yekunlaşıb.

Siz də şirkətinizin təqdimatını keçirmək istəyirsinizsə, bizə müraciət etməyinizi xahiş edirik.

Bizimlə əlaqə saxlayın