Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

İctimaiyyətlə əlaqələr (İƏ) və Kommunikasiya İşçi Qrupu

İƏ və Kommunikasiya İşçi Qrupu 17 aprel 2025-ci il tarixində AHK üzv şirkəti olan PAŞA Holding ilə birgə əməkdaşlıq çərçivəsində yaradılmışdır.

PR & Communication WG
www.freepik.com / senivpetro

Birlikdə ünsiyyət, birlikdə inkişaf.

İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə İşçi Qrupu müvafiq sahənin mütəxəssislərini bir araya gətirərək fikir mübadiləsi aparmaq, qabaqcıl təcrübələri paylaşmaq və ictimaiyyətlə əlaqələr, eləcə də korporativ kommunikasiya sahəsində innovativ yanaşmaları araşdırmaq məqsədi daşıyır. Qrupun əsas məqsədi üzv şirkətlərin kommunikasiya strategiyalarının gücləndirilməsinə, maraqlı tərəflərlə effektiv əlaqələrin qurulmasına və media, brendinq və reputasiya idarəçiliyi sahəsində mövcud trendlərə uyğunlaşmasına dəstək göstərməkdir.

Əvvəlki Görüşlərin İcmalı

17.07.2025: İƏ və Kommunikasiya İşçi Qrupunun Tədbiri

2025-ci il iyulun 15-də AHK Azərbaycan İƏ və Kommunikasiya İşçi Qrupu “Azərbaycan mediasının 150 illiyi: Biznes və media arasında körpü” mövzusunda tədbir təşkil edib. İqtisadi dialoq üçün mühüm platforma olan AHK Azərbaycan, media ilə əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. Palata, medianın iqtisadi dialoqun təşviqində mühüm rolunu və iqtisadi mövzuların geniş auditoriyaya çatdırılmasında effektiv vasitə olduğunu nəzərə alaraq, bu istiqamətdə hədəflənmiş təşəbbüslər həyata keçirir.

 

Tədbir AHK Azərbaycanın İƏ və Kommunikasiya İşçi Qrupunun sədr müavini Turab Təhməzovun moderatorluğu ilə keçirilib. Açılış çıxışları AHK Azərbaycanın İcraçı direktoru Nargis Viek və İşçi Qrupunun sədri, PAŞA Holding-in Kommunikasiya departamentinin rəhbəri Aytac Muxtarzadə tərəfindən edilib. Tədbir proqramı çərçivəsində dövlət qurumları, media orqanları və biznes nümayəndələrinin iştirakı ilə üç panel təşkil olunub. Panellər çərçivəsində İşçi Qrupunun sədr müavini Sənubər Nəzərovanın moderatorluğu ilə yerli media infrastrukturunun inkişafı, sədr müavini Günel Əliyevanın moderatorluğu ilə dövlət və özəl sektorda media ilə əməkdaşlıqda mövcud çağırışlar və imkanlar, eləcə də sədr müavini Turab Təhməzovun moderatorluğu ilə Azərbaycan mediasının rəqəmsal kommunikasiyaya uyğunlaşması mövzuları müzakirə olunub.

 

Tədbirin spikerləri arasında APA Media Qrupunun baş direktoru Vüsalə Mahirqızı, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının rəhbəri Şəfəq Mehrəliyeva, Qarabağ Dirçəliş Fondunun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Pərvin Bağırova, NAR şirkətinin Korporativ Kommunikasiya və PR direktoru Hökmə Kərimova, Azərbaycan Rəqəmsal Texnologiyalar Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov və influencer Fərid Pərdaşünas yer alıblar. Müzakirələrdə medianın tarixi inkişaf yolu, mətbuatın ictimai məlumatlandırılmasındakı rolu və bu sahədəki mövcud trendlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, AHK Azərbaycanın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya İşçi Qrupu son dörd ay ərzində aktiv fəaliyyət göstərir. İşçi qrupunun əsas məqsədi üzv şirkətlərin kommunikasiya ehtiyaclarını qarşılamaq və Palatanın şəbəkələşməsi daxilində onların davamlı inkişafına dəstək olmaqdır.

 

20.06.2025: İƏ və Kommunikasiya İşçi Qrupunun Görüşü

2025-ci il iyunun 20-də AHK Azərbaycan tərəfindən İƏ və Kommunikasiya İşçi Qrupunun növbəti görüşü təşkil olundu. Tədbirdə müxtəlif sahələri təmsil edən kommunikasiya mütəxəssisləri və ekspertlər iştirak etdilər. Görüş Aytac Muxtarzadənin moderatorluğu ilə baş tutdu. O, sessiyanın məqsəd və istiqamətini qısa şəkildə təqdim edərək, həm təşkilat daxilində, həm də xarici mühitdə strukturlaşdırılmış kommunikasiya strategiyalarının əhəmiyyətinin  artdığını vurğuladı.

Tədbirdə Azercell Telekom MMC-nin Korporativ Kommunikasiya Direktoru Sona Abbasova “Korporativ Kommunikasiya: Dünən və Bu Gün” mövzusunda təqdimat etdi. 

Onun çıxışında aşağıdakı əsas mövzulara toxunuldu:

  • Web 2.0-ın kommunikasiya sahəsinə transformasiyaedici təsiri
  • Son onillikdə kommunikasiya sahəsini formalaşdıran əsas amillər
  • Son 15 ildə PR-ın inkişaf istiqamətləri
  • Liderlik kommunikasiya və böhran kommunikasiya mövzuları
  • Böhran zamanı, əvvəl və sonra tətbiq olunacaq praktik strategiyalar.

Təqdimatdan sonra iştirakçılar cari kommunikasiya trendləri və qarşıda duran çağırışlar barədə fəal müzakirələr apararaq, PR və Kommunikasiya Komitəsinin strateji planlarını nəzərdən keçirdilər. Bu kontekstdə, xüsusilə milli mətbuatın 150 illiyi ərəfəsində media ilə daha sıx və sistemli əməkdaşlığın qurulmasının vacibliyi vurğulandı. Bununla yanaşı, dövlət qurumları ilə əlaqələrin möhkəmləndirilməsi də prioritet istiqamətlərdən biri kimi dəyərləndirildi. Eyni zamanda, təhsil sahəsində mövcud boşluqlar diqqətə çatdırılaraq, jurnalistika fakültələri üçün ikili diplom proqramlarının və müasir tələblərə uyğun PR tədris planlarının hazırlanması təklif olundu. Bütün bu təşəbbüslərin fonunda, şəffaflığın və sektoral əməkdaşlığın artırılması məqsədilə Açıq Media Gününün təşkili ideyası da iştirakçılar tərəfindən dəstəkləndi.

17.04.2025: İƏ və Kommunikasiya İşçi Qrupunun Təsis Görüşü

17 aprel 2025-ci il tarixində AHK Azərbaycan İctimaiyyətlə Əlaqələr və Kommunikasiya İşçi Qrupu təsis iclası ilə öz fəaliyyətinə başladı. Görüşdə müxtəlif sahələrdən olan 20-dən çox şirkət nümayəndəsi iştirak etdi.

Görüşdə İƏ və Kommunikasiya İşçi Qrupunun sədri, PAŞA Holding-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya rəhbəri Aytac Muxtarzadə özünü AHK Azərbaycanın üzvlərinə təqdim etdi. O, çıxışında üzv şirkətlər arasında effektiv, şəffaf və dəyər yaradan kommunikasiya imkanlarının gücləndirilməsinin əhəmiyyətindən danışdı və institusional bilik və təcrübə mübadiləsinin təşviq olunmasının vacibliyini vurğuladı.

İlk görüşün məqsədi həm tanışlıq, həm də işçi qrupunun fəaliyyət istiqamətlərini müəyyənləşdirmək idi. Belə ki, birgə müzakirə yolu ilə ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində hazırda gündəmdə olan mövzulardakı boşluqları və diqqət tələb edən sahələri müəyyənləşdirərək, müvafiq istiqamətlər üzrə həll yollarını birlikdə tapmaq əsas hədəf kimi ortaya qoyuldu.

Görüş, Aytac xanımın moderatorluğu ilə iştirakçılar arasında fəal fikir mübadiləsi və təkliflərin toplanması ilə davam etdi. Gələcək görüşlərdə aşağıda qeyd olunan mövzuların ətraflı şəkildə müzakirə olunması qərara alındı.

  • Daxili strateji kommunikasiya
  • Media münasibətləri
  • İctimaiyyətlə əlaqələr
  • Beynəlxalq kommunikasiya
  • Marketinq kommunikasiyaları
  • Brend və reputasiyanın idarə edilməsi
  • Dayanıqlılıq
  • Böhran kommunikasiyası
  • Korporativ sosial məsuliyyət və s.

Belə ki, komitə yuxarıda adı çəkilən hər bir istiqamət üzrə hazırda həm korporativ şirkətlərdə, həm dövlət qurumlarında, həm də ümumilikdə ölkədə mövcud boşluqların müəyyən edilməsi və həlli yolunda təkliflərin verilməsi istiqamətində çalışacaq. İlk görüşdə artıq şirkətlərin media ilə peşəkar münasibətlərinin qurulması, Böhran kommunikasiyası sahəsində ixtisaslaşmış peşəkar jurnalistlərin yetişdirilməsinə dəstək verilməsi və bu sahənin inkişafına töhfə verilməsi barədə məhsuldar müakirələr aparıldı və təkliflər verildi.

Gələcəkdə bu mövzuların daha da geniş müzakirə olunması və həll olunması üçün komitə tərəfindən görüşlərin, tədbirlərin, təcrübə mübadiləsi sessiyalarının, eləcə də ekspert çıxışlarının təşkil olunması planlaşdırılır. Bununla yanaşı, marketinq strategiyalarının təkmilləşdirilməsi, brendin tanıdılması və beynəlxalq platformalarda görünürlüğün artırılması,

Davamlılıq məsələlərinin şirkətlərin strateji kommunikasiya gündəminə inteqrasiya olunmasına və ümumi davamlılıq strategiyalarına töhfə verilməsi və s. məqsədlərlə mövqe sənədlərinin hazırlanması və beləcə dövlət qurumları ilə əməkdaşlıq çərçivələrinin formalaşdırılması planlaşdırılır.

İşçi qrupu “çox iş görməkdən çox, real nəticələrə yönəlmək” prinsipinə, eləcə də “faydalılıq, praktiki nəticə yönümlülük, effektivlik və təvazökarlıq” dəyərlərinə əsaslanaraq, üzv şirkətlərin ictimaiyyətlə əlaqələr, media və kommunikasiya sahəsində bacarıq və biliklərinin artırılmasına, effektiv, şəffaf və dəyər yaradan kommunikasiya imkanlarının gücləndirilməsinə töhfə verməyi qarşısına məqsəd qoyur. 

  • Aytac Muxtarzadə

    Aytac Muxtarzadə

    İctimaiyyətlə əlaqələr və Kommunikasiya İşçi Qrupunun Sədri PAŞA Holdinq

  • Sanuber Nazarova

    Sənubər Nəzərova

    İctimaiyyətlə əlaqələr və Kommunikasiya İşçi Qrupunun Vitse-Sədri Veysəloğlu Şirkətlər Qrupu

  • Turab Teymurov

    Turab Teymurov

    İctimaiyyətlə əlaqələr və Kommunikasiya İşçi Qrupunun Vitse-Sədri Azərbaycan İnvestisiya Şirkəti ASC

  • Gunel Aliyeva

    Günel Əliyeva

    İctimaiyyətlə əlaqələr və Kommunikasiya İşçi Qrupunun Vitse-Sədri AS İnşaat MMC