Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

Maliyyə Xidmətləri İşçi Qrupu

Maliyyə Xidmətləri üzrə İşçi Qrupu 10 dekabr 2019-cu il tarixində AHK üzv şirkəti olan AccessBank CJSC ilə birgə əməkdaşlıq çərçivəsində yaradılmışdır.

Business concept with calculator close up
www.freepik.com

İşçi Qrupunun Fokus və Məqsədləri

AHK Azərbaycanın Maliyyə Xidmətləri İşçi Qrupunun fəaliyyətinin əsas məqsədləri maliyyə bazarında mövcud çətinliklərin araşdırılması daxil olmaqla, strateji və operativ planlaşdırma, qanunvericilikdəki dəyişikliklər, biznesin idarəedilməsi sahəsində bilik və təcrübə mübadiləsi, maliyyə və kontrollinq sahəsinin əsas mövzularına həsr edilmiş tədbirlərin keçirilməsi və müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsidir.

Əvvəlki Görüşlərin İcmalı

19.09.2024: Maliyyə Xidmətləri və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qruplarının birgə görüşü

2024-cü il sentyabrın 19-da AHK Azərbaycanın ofisində Maliyyə Xidmətləri və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qruplarının birgə görüşü keçirildi. Görüşün əsas mövzusu “Qiymətli kağızlar vasitəsilə maliyyə cəlbi” oldu. Tədbiri Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun vitse-sədri cənab İlqar Əliyev açaraq iştirakçıları salamladı, görüşün gedişatı və mövzu barədə məlumat verdi.

Görüşdə qonaq məruzəçi qismində Bakı Fond Birjasının (BFB) Listinq şöbəsinin rəhbəri Anjela Ramazanova çıxış etdi. O, əvvəlcə iştirakçıları salamladı, daha sonra Bakı Fond Birjasının tarixi, strukturu və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verdi. Xanım Ramazanova həmçinin BFB-nin yaxın zamanda həyata keçirdiyi rebrendinq prosesi və yeni strateji planı barədə danışdı.

17.09.2024: Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü

2024-cü il sentyabrın 17-də AHK Azərbaycanın Maliyyə Xidmətləri İşçi Qrupu, AHK Azərbaycanın ofisində “Yaşıl Maliyyələşdirmə və Yaşıl İqtisadiyyata Keçid” mövzusunda müzakirə aparıb. Bu görüş AHK Azərbaycan tərəfindən yaşıl inkişafa dəstək vermək məqsədilə başladılmış "İnnovasiya, tərəfdaşlıq, transformasiya - COP29-dan gözləntilər" şüarı altında keçirilən təşəbbüslər seriyasının bir hissəsi idi.

İclas Maliyyə Xidmətləri İşçi Qrupunun sədri cənab İlkin Quliyev tərəfindən açıldı. O, iştirakçıları salamladı və görüşün gedişatı eləcə də, mövzusu barədə məlumat verdi. Bundan əlavə, o, əvvəlki iclas barədə də qısa məlumat verdi. Cənab Quliyev yaşıl maliyyələşdirmənin əhəmiyyətini vurğuladı və bu tendensiyanın təşviqində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) mühüm rol oynadığını qeyd etdi.

Qonaq məruzəçi qismində AYİB-in Aparıcı Bankiri cənab Elmin İbrahimov çıxış etdi. O, əvvəlcə AYİB-in Azərbaycandakı fəaliyyəti barədə ümumi məlumat verdi və təşkilatın əsas diqqət mərkəzində olan sahələrə – enerji səmərəliliyi, bərpa olunan enerji və dayanıqlı infrastruktur barədə danışdı. Daha sonra cənab İbrahimov AYİB-in yaşıl maliyyə alətləri – yaşıl istiqrazlar, yaşıl kreditlər, davamlılıqla əlaqəli istiqrazlar və davamlılıqla əlaqəli kreditlər haqqında məlumat verərək hər birinin yaşıl maliyyə prinsipləri əsasında necə işlədiyini ətraflı izah etdi.

13.03.2024: Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü

AHK Azərbaycanın 13 mart 2024-cü il tarixində AccessBank QSC-nin Baş ofisində keçirilən Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti görüşündə Sahibkarlığın İnkişafı Fondunun fəaliyyət istiqamətləri və güzəştli maliyyə mexanizmləri elecə də SİF ilə əməkdaşlıq çərçivəsində AHK Azərbaycan üzvləri üçün mövcud bank xidmət və məhsulları mövzuları müzakirə olundu. Görüşdə AHK Azərbaycanın İdarə Heyətinin Sədri Tobias Baumann, görüşün moderatoru qismində AccessBank QSC İdarə Heyətinin üzvü və Maliyyə Xidmətləri İşçi Qrupunun sədri İlkin Quliyev, görüşün qonaq məruzəçiləri qismində isə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, AccessBank QSC-nin Kiçik, orta və korporativ müştərilər üzrə direktoru Cavid Əliyev çıxış etdilər.

Görüşü açıq elan edən Tobias Baumann iştirakçıları salamladı və görüşün gedişatı haqqında iştirakçılara məlumat verdi. Daha sonra görüşün moderatoru Cənab Quliyev də öz növbəsində iştirakçıları salamladı və bankın fəaliyyəti barəsində auditoriyaya geniş məlumat verdi. Daha sonra o, sözü cənab Xaliyevə verdi.

20.06.2023: Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü

20 iyun 2023-cü il tarixində 20-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti iclası keçirildi. Görüşdə Azərbaycanda maliyyə texnologiyalarının (fintek) mövcud hüquqi tənzimlənməsi istiqamətində müzakirələr aparıldı.

BHM Hüquq Şirkəti MMC-nin əməkdaşları, xanım Gülnar Qurbanova və xanım Türkan Hacıyeva görüşə qatılaraq ölkədə fintek sahəsinin normativ-hüquqi bazası haqqında iştirakçılara məlumat verəcək və sahənin inkişafı yollarından danışdılar.

Görüş Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru cənab Fərid Osmanovun iştirakı ilə müzakirələr və sual-cavab hissəsi ilə davam etdi və müzakirələrə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun sədri cənab Əfqan Baxışov moderatorluq etdi.

Bizimlə əlaqə saxlayın