Alman-Azərbaycan Xarici Ticarət Palatası loqosu

Rəqəmsal Transformasiya İşçi Qrupu

Rəqəmsal Transformasiya İşçi Qrupu, əvvəlki adı ilə İnformasiya Texnologiyaları və Telekommunikasiya İşçi Qrupu, 2017-ci ildə fəaliyyətə başlamış AHK Azərbaycanın ilk tematik işçi qrupudur.

Status ability skills expand branch connection
www.freepik.com

Əməkdaşlıq Fürsətləri və Faydaları

Rəqəmsal Transformasiya İşçi Qrupu, üzv şirkətlərə qarşılıqlı əməkdaşlıq üçün xüsusi imkanlar təqdim edir və iqtisadi və sosial sahələri təmsil edən bütün biznes nümayəndələrinə açıqdır. Üzvlər, Azərbaycanda rəqəmsal transformasiya sahəsindəki layihələrin həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsindən faydalana bilərlər. Bundan əlavə, İşçi Qrupu müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsi məqsədilə bir platforma kimi fəaliyyət göstərir.

Əvvəlki Görüşlərin İcmalı

05.07.2024: Rəqəmsal Transformasiya İşçi Qrupunun görüşü

AHK Azərbaycanın 5 iyul 2024-cü il tarixində AHK Azərbaycanın ofisində Rəqəmsal Transformasiya İşçi Qrupunun növbəti görüşündə “COP29 və ətraf mühitin mühafizəsi sahəsində rəqəmsallaşma təşəbbüsləri” mövzusu müzakirə olundu.

Görüşü açıq elan edən, Rəqəmsal Transformasiya İşçi Qrupunun sədri cənab Orxan Quliyev, COP29-a hazırlıq prosesi, yeniliklər və bugün ki, görüşün gedişatı və mövzu barədə görüş iştirakçılarını məlumatlandırdı və sözü qonaq məruzəçi, Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri cənab Rüstəm Həsənova verdi.

Cənab Həsənov dəvətə görə təşəkkürünü bildirdi və palatanın fəaliyyətini yaxından izlədiyini və bu kimi görüşlərin hər zaman məhsuldar olduğunu və aktual məsələlərin həllinə təkan verə biləcəyini qeyd etdi. O, çıxışında COP29 ilə bağlı ən son yenilikləri görüş iştirakçılarının nəzərinə çatdırdı.

Əlavə olaraq o çıxışında karbon kredit mexaniziminin tətbiqindən bəhs etdi və bu mexanizmin 2026-cı ildən tətbiq olunacağını qeyd etdi. COP-dan əvvəl isə sentyabrda Pre-COP tədbiri keçiriləcəyini və burada nazirlərin iştirak edəcəyini dedi. Gələn qonaqların yerləşməsi üçün otellərin qiymət artımı müşahidə olunduğunu və bu baxımdan COP29-un öz booking saytı olacağını, qonaqlar oradan otel rezervasiyası edə biləcəklərini qeyd etdi.

24.05.2024: Rəqəmsal Transformasiya İşçi Qrupunun görüşü

AHK Azərbaycanın 24 may 2024-cü il tarixində AHK Azərbaycanın ofisində keçirilən Rəqəmsal Transformasiya İşçi Qrupunun növbəti görüşündə Rəqəmsal dövrdə dövlət xidmətlərində innovasiya mövzusu müzakirə olundu.

Görüşü açıq elan edən, Rəqəmsal Transformasiya İşçi Qrupunun sədri, cənab Orxan Quliyev iştirakçıları salamladı, görüşün gedişatı və mövzu barəsində görüş iştirakçılarına məlumat verdi. Daha sonra o, sözü qonaq məruzəçi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) Dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsinin müdiri cənab Semral Əliyevə verdi.

Salamlama nitqi ilə çıxışına başlayan cənab Əliyev ASAN Xidmətin 10 ildən artıq fəaliyyət göstərdiyini, ümumi 400 xidmətin mövcudluğunu və fəaliyyət istiqamətlərinin dövlət xidmətləri, innovasiyalar və sosial layihələr olduğunu qeyd etdi. ASAN Xidmətin orta günlük 40.000-dən çox müraciətinin olduğunu söyləyən cənab Əliyev,  vətəndaşlara xidmətlərin daha əl çatan olması üçün səyyar xidmət göstərdiklərini də qeyd etdi. Xidmətlərin sadələşməsi və bürokratik əngəllərin qarşısını almaq məqsədilə ASAN İndeksin yaradılmasını və platformanın özündə Dövlət qurumları haqqında məlumatlılıq, Xidmətlərin qiymətləndirilməsi, Qiymətləndirmənin təhlili və Nəticələrin elan edilməsini cəmlədiyini vurğuladı. Cənab Əliyev ASAN Xidmətə vətəndaşların müxtəlif ideyalarını göndərməsi üçün İdeya Bankının yaradılmasını və 20 fərqli istiqamətdə müsabiqələrin keçirildiyini iştirakçılara bildirdi. Bundan əlavə vahid mərkəzdə ödəniş etmək üçün fəaliyyət göstərən ASAN Ödəniş və ictimai iştirakçılıq platforması olan, dövlət xidmətləri, kommunal xidmətlər, yol və nəqliyyat problemləri ilə bağlı şikayətlərin elektron formada göndərilməsini təmin edən ASAN Müraciət platformaları haqqında danışdı.

03.11.2023: Rəqəmsal Transformasiya İşçi Qrupunun görüşü

AHK Azərbaycanın Rəqəmsal Transformasiya İşçi Qrupunun növbəti görüşü cümə günü, 3 noyabr 2023-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 1-ci mərtəbəsində yerləşən “Innovation Space” hissəsində baş tutdu. Görüş “Enabling Tomorrow, Building It Today” mövzusunda keçirildi.

İclası açıq elan edən AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann iştirakçıları salamladı və görüşün gedişadı haqqında iştirakçılara məlumat verdi. Daha sonra o sözü Rəqəmsal Transformasiya İşçi Qrupunun sədri və Caspian Innovation Center MMC-nin Baş Əməliyyat İnzibatçısı cənab Orxan Quliyevə verdi. Cənab Quliyev də öz növbəsində iştirakçıları salamladı və 2030-cu il Milli prioritetlərimizdən olan innovativ cəmiyyət və rəqabətli insan kapitalı haqqında iştirakçılara məlumat verdi və bu gün ki müzakirələrin daha çox innovasiya mövzusu üzərinə olacağını qeyd etdi. Daha sonra isə cənab Quliyev sözü İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri xanım İnarə Vəliyevaya verdi.

Tədbirdə məruzəçi kimi iştirak edən xanım Vəliyeva iştirakçıları salamladı və tədbirdə iştiraklarına görə qonaqlara öz təşəkkürünü bildirdi. Çıxışı zamanı xanım Vəliyeva İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin missiyası və vəzifələri ilə iştirakçıları tanış etdi. Uğurlu eko-sistemin qurulması və onun tərkib hissələri haqqında danışdı və daha sonra xanım Vəliyeva start-up-ların önəmi və Azərbaycanda bu sahənin inkişaf etdirilməsinin önəmini vurğuladı. İnformasiya kommunikasiya texnologiyaları sahəsində təqaüd verən milli təqaüd proqramı olan “Technest” təqaüd proqramı haqqında iştirakçılara geniş məlumat verən xanım Vəliyeva həmçinin təqaüd proqramının mahiyyətini də iştirakçılara aşıladı. Çıxışın sonunda isə xanım Vəliyeva iştirakçıların ünvanladığı suallara ətraflı cavab verdi.

12.07.2023: Rəqəmsal Transformasiya İşçi Qrupunun görüşü

12 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin AHK Azərbaycan Rəqəmsal Transformasiya İşçi Qrupu ilə görüşü baş tutdu. Dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi kontekstində keçirilən görüşdə 20-ə yaxın şirkət nümayəndəsinin iştirakı ilə ölkədə rəqəmsal iqtisadiyyat və süni zəka strategiyaları mövzusunda müzakirələr aparıldı.

İclası açıq elan edən Rəqəmsal Transformasiya İşçi Qrupunun rəhbəri cənab Orxan Quliyev iştirakçıları salamladı, görüşün gündəliyi haqqında məlumat verdi və rəqəmsal tranformasiyanın əsas tərkib hissələrindən biri olan rəqəmsal iqtisadiyyat sahəsinin dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.

Tədbirdə qonaq məruzəçi kimi iştirak edən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktorunun vəzifəsini icra edən cənab Fariz Cəfərov giriş sözü ilə tədbir iştirakçılarını salamladı və sosial-iqtisadi inkişaf strategiyaları istiqamətində görülən işlər barədə qısa məlumat verdi. Daha sonra, cənab Cəfərov tərəfindən “Dördüncü sənaye inqilabı texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu” mövzusunda təqdimat keçirildi. Təqdimat zamanı dördüncü sənaye inqilabının əsas komponentləri, 4-cü sənaye inqilabı şəraitində fəaliyyətin təşkili kimi mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunuldu və həmçinin cənab Cəfərov mərkəzin strateji fəaliyyət istiqamətləri haqqında danışdı.

03.03.2023: Rəqəmsal Transformasiya İşçi Qrupunun görüşü

3 mart 2023-cü il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Rəqəmsal Transformasiya İşçi Qrupunun ilk görüşü keçirildi. Görüş Azərbaycanda biznesdə əsas innovasiya çağırışları mövzusuna həsr olunmuşdu.

İclası açıq elan edən cənab Tobias Baumann iştirakçıları salamladı və Rəqəmsal Transformasiya İşçi Qrupunun yeni sədri cənab Orxan Quliyevi təqdim edərək ona qarşıdakı fəaliyyətində müvəffəqiyyətlər arzuladı. Daha sonra cənab Orxan Quliyev özü haqqında qısa məlumat verdi və rəqəmsal transformasiya və innovasiya sahələrində daha çox mövzuları əhatə etmək üçün işçi qrupunun rebrendinqi haqqında danışdı.

PAŞA Holding MMC-nin İnnovasiya proqramı üzrə rəhbəri vəzifəsində çalışan cənab Fərrux Əliyev qonaq məruzəçi kimi görüşə qatılaraq bu sahədə öz təcrübəsini iştirakçılar ilə bölüşdü. Öz təqdimatında cənab Fərrux Əliyev innovasiya üçün stimullar, innovasiyanın qarşısını alan səbəblər, innovasiya strategiyasının vacibliyi haqqında danışdı və qlobal innovasiya tendensiyaları və prioritet istiqamətlər mövzusunda iştirakçıları məlumatlandırdı. Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə interaktiv sual və cavab sessiyası və müzakirələr ilə davam etdi.

Bizimlə əlaqə saxlayın