Elçin İsmayılov
Strateji Layihələr | İnfrastruktur | Enerji | Rəqəmsallaşma | İnnovasiya İqtisadiyyatı üzrə Menecer
elchin.ismayilov@ahk-baku.de2025-ci il avqustun 12-də AHK Azərbaycanın Rəqəmsal Transformasiya İşçi Qrupu “Süni İntellekt və AI Agentlərinin Əhəmiyyəti: Təşkilatlarda Tətbiq İmkanları” mövzusunda növbəti iclasını keçirdi.
Görüş İşçi Qrupunun sədri Fəxri Hüseynovun açılış çıxışı ilə başladı. O, süni intellektin səmərəliliyin artırılması, rəqabət qabiliyyətinin yüksəldilməsi və innovasiyaların təşviqində mühüm alət olduğunu qeyd etdi. İşçi Qrupunun Vitse-Sədri Ayxan Abdullayev çıxışında AI agentlərinin həm texniki imkanlarını, həm də strateji təsirlərini dərindən anlamağın vacibliyini önə çəkdi. O, açıq fikir mübadiləsini, sektorlararası əməkdaşlığı və müxtəlif yanaşmaların paylaşılmasını təşviq edərək, gələcək tətbiqlərin formalaşmasında birgə fəaliyyətin əhəmiyyətini vurğuladı.
İclasın əsas məruzəçisi, Mercedes-Benz Consulting GmbH şirkətinin Süni İntellekt üzrə eksperti, fəlsəfə doktoru Günay Kazımzadə, onlayn təqdimatında AI agentlərinin təşkilatlarda məhsulduluğu artırmaq, xərcləri azaltmaq və qərarvermə proseslərini gücləndirmək potensialını ətraflı izah etdi. Beynəlxalq təcrübələrdən nümunələr gətirərək, bu texnologiyaların mürəkkəb proseslərin avtomatlaşdırılması, strateji planlaşdırmanın dəstəklənməsi və biliklərin qorunması sahəsində verdiyi üstünlükləri nümayiş etdirdi.
Günay xanım həmçinin Azərbaycanın texnoloji inkişaf potensialına diqqət çəkərək, mövcud bürokratik və normativ maneələr səbəbindən beynəlxalq maliyyə və təcrübə imkanlarından tam istifadə olunmadığını bildirdi. O, BMT, YUNESKO və Avropa Şurası kimi qurumlarla daha sıx əməkdaşlıq edilməsini, Almaniya, Sinqapur və Estoniya kimi ölkələrin uğurlu təcrübələrinin isə nümunə götürülməsini tövsiyə etdi. Məruzəçi gələcəkdə qəbul olunacaq Azərbaycan AI Dövlət Strategiyasının qlobal innovasiya şəbəkələri ilə əlaqələndirilməsinin vacibliyini vurğuladı.
Görüş iştirakçılara bu sahədə mövcud problemləri və inkişaf üçün prioritet istiqamətlərini müzakirə etmək imkanı yaratdı.
Strateji Layihələr | İnfrastruktur | Enerji | Rəqəmsallaşma | İnnovasiya İqtisadiyyatı üzrə Menecer
elchin.ismayilov@ahk-baku.de