İlqar Əliyev
Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun Sədri Industrial Solutions MMC
Bu işçi qrupun məqsədi kənd təsərrüfatı və qida sektorunda mövcud çətinlikləri müəyyən etmək və həll etməkdir. Bundan əlavə, o, maraqlı tərəflər arasında bilik və təcrübə mübadiləsini təşviq etməyi, müvafiq mövzularda informasiya tədbirləri təşkil etməyi və məsul dövlət qurumları ilə dialoqu gücləndirməyi hədəfləyir.
31 oktyabr 2025-ci il tarixində AHK Azərbaycanın Kənd Təsərrüfatı və Ərzaq Sənayesi İşçi Qrupunun üzvləri “Veysəloğlu” Şirkətlər Qrupuna məxsus Məhəmmədi Logistika Mərkəzinə tanıtım səfərində iştirak ediblər.
Səfərin əsas məqsədi Cənubi Qafqazın ən iri logistika mərkəzlərindən birinin fəaliyyəti ilə yaxından tanış olmaq, həmçinin “Veysəloğlu” Şirkətlər Qrupunun ölkənin ərzaq təhlükəsizliyi, pərakəndə ticarət və logistika sahələrinə verdiyi töhfələr, eləcə də kiçik və orta sahibkarlığın inkişafına dəstəyi barədə daha ətraflı məlumat əldə etmək olub. Turda AHK üzv şirkətlərindən 20-dən çox nümayəndə iştirak edib.
Tədbir “Veysəloğlu” Şirkətlər Qrupunun icraçı direktor müavini İlqar Nuri tərəfindən açıq elan edilib. O, şirkətin inkişaf yolu, tarixi və gələcək planlarını əks etdirən xüsusi video təqdimatla iştirakçıları salamlayıb.
Daha sonra Korporativ Kommunikasiyalar direktoru Sənubər Nəzərova şirkətin davam edən bir sıra korporativ layihələri barədə məlumat verib.
“Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin üzvü və Logistika direktoru Anar Adilzadə Məhəmmədi Logistika Mərkəzinin fəaliyyəti haqqında ətraflı təqdimatla çıxış edib. O, mərkəzin təchizat zəncirindəki rolu, infrastruktur imkanları və texnoloji üstünlükləri — o cümlədən temperatur nəzarətli anbar sistemləri, SAP inteqrasiyası, rəqəmsallaşma prosesi və beynəlxalq qida təhlükəsizliyi standartlarının tətbiqi barədə danışıb. Tədbir iştirakçıları həmçinin sual-cavab sessiyasında fəal iştirak ediblər.
24 Yanvar 2025-ci il tarixində AHK Azərbaycanın ofisində Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun növbəti görüşü baş tutdu. İclasda “idxal və ixrac əməliyyatları zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzərdə tutulan tənzimləmələr” mövzusu barədə müzakirələr aparıldı.
Görüşün qonaq spikeri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İdxal və İxraca Nəzarət Şöbəsinin İdxal və İxrac Əməliyyatları Sektorunun aparıcı məsləhətçisi Cavid Əlizadə görüş iştirakçılarının suallarını cavablandırdı. Görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar, kənd təsərrüfatı sahəsində fitosanitar sertifikatlarının alınmasında qaşılaşılan çətinliklər, bəzi kimyəvi maddələrin idxal və ixracına qoyulan məhdudiyyətlər və pambıqçılıq üçün toxumların qeydiyyatında yaranan gecikmələr kimi mühüm məsələlər müzakirə olundu.
Həmçinin, ölkədə qida sektoru ilə bağlı ictimai maarifləndirməyə ehtiyacın olduğu və qida sektorunun inkişafında istehlakçı şirkətlərinin sayının məhdud olmasının bu sahənin inkişafına mənfi təsiri qeyd edildi. Görüşün növbəti hissəsində qida sənayesində qanunvericilikdəki boşluqların aradan qaldırılmasının vacibliyi, xüsusilə xarici təsərrüfat subyektlərindən idxal zamanı rüsumların hesablanması ilə bağlı önəmli məqamlar diqqətə çatdırıldı. Sonda səsləndirilən təkliflərin AHK Azərbaycan tərəfindən sənədləşdirilərək müvafiq orqanlara təqdim edilməsi barədə razılığa gəlindi.
2024-cü il sentyabrın 19-da AHK Azərbaycanın ofisində Maliyyə Xidmətləri və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qruplarının birgə görüşü keçirildi. Görüşün əsas mövzusu “Qiymətli kağızlar vasitəsilə maliyyə cəlbi” oldu. Tədbiri Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun vitse-sədri cənab İlqar Əliyev açaraq iştirakçıları salamladı, görüşün gedişatı və mövzu barədə məlumat verdi.
Görüşdə qonaq məruzəçi qismində Bakı Fond Birjasının (BFB) Listinq şöbəsinin rəhbəri Anjela Ramazanova çıxış etdi. O, əvvəlcə iştirakçıları salamladı, daha sonra Bakı Fond Birjasının tarixi, strukturu və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verdi. Xanım Ramazanova həmçinin BFB-nin yaxın zamanda həyata keçirdiyi rebrendinq prosesi və yeni strateji planı barədə danışdı.
AHK Azərbaycanın 25 aprel 2024-cü il tarixində AHK Azərbaycanın ofisində keçirilən Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun növbəti görüşündə Xarici bazarlara çıxış üçün gərəkli sertifikatlar və həlli yolları mövzusu müzakirə olundu.
Görüşü açıq elan edən Tobias Baumann iştirakçıları salamladı və məruzəçiləri qonaqlara təqdim etdi daha sonra isə görüşün gedişatı haqqında iştirakçılara məlumat verdi. Daha sonra o, sözü Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun sədri və Food City Agropark MMC-nin İcraçı direktoru cənab Anar Ağayevə verdi.
Cənab Ağayev də, öz növbəsində iştirakçıları salamladı və işçi qrupunun fəaliyyəti həmçinin də platformanın məqsədləri barəsində məlumat verdi. İşçi qrupunun 3 fəaliyyət istiqamətindən bəhs edən cənab Ağayev, bunların çətinliklərin araşdırılması, müvafiq tədbirlərin görülməsi və çətinliklərin aradan qaldırılması olduğunu vurğuladı. Cənab Ağayev ən çox rast gəlinən çətinliklərin ixrac, bürokratik çətinliklər və maliyyə resurslarına çıxışlarla bağlı çətinliklər olduğu haqqında danışdı. Eləcə də, cənab Ağayev ixracla bağlı sertifikasiya çətinlikləri və sertifikatların alınması barədə geniş məlumat verdi.
Daha sonra isə o, sözü İncert MMC-nin direktoru cənab Şamo Muradova verdi.
Cənab Muradov da, öz növbəsində qonaqları salamladı və Xarici bazarlara çıxış üçün gərəkli sertifikatlar və həlli yolları mövzusunda çıxışına başladı. Şirkət barəsində məlumat verən cənab Muradov, şirkətin vizyonu və missiyası, həmçinin də dəyərləri olan etibarlılıq, peşəkarlıq və dürüstlük olduğunu vurğuladı. Ən çox tələb olunan sertifikatlar olan İSO 22000, BRC, HALAL və s. alınması həmçinin hansı ölkələrin bu kimi sertifikatları tələb etməsi barədə geniş məlumat verdi. FSSC 22000 standardı barəsində də məlumat verdikdən sonra, cənab Muradov bu standartın İSO 22000 standartından fərqli özəlliklərini qonaqlara söylədi. Beynəlxalq Qida Təhlükəsizliyi Fondu (GFSİ) barəsində də məlumat verdikdən sonra o, Qabaqcıl İstehsal Təcrübəsi standartı (GMP), Qida Təhlükəsizliyinə dair Britaniya standartı (BRC), Beynəlxalq Qida standartı (İFS) barəsində də görüş iştirakçılarına geniş məlumat verdi. Çıxışının sonunda isə o, kənd təsərüffat məhsullarının yetişdirilməsində standart olan Global G.A.P. eləcə də, organic sertifikat barəsində məlumat verdi,
Daha sonra isə cənab Ağayev sözü Almaniyanın Təcrübəli Ekspertlər Xidmətinin (SES) Azərbaycan üzrə layihə rəhbəti Jana Tichomirovaya verdi.
Xanım Tichomirova SES haqqında geniş məlumat verdi, həmçinin o SES-in strukturu, Afrika, Avropa, Asiya ölkələrində və eləcə də, digər ölkələrdə proyektləri reallaşdırdığını qeyd etdi. SES-in ekspertləri barəsində də, söz açan xanım Tichomirova kimlərin ekspert kimi fəaliyyət göstərə biləcəklərini və bu işin könüllü fəaliyyət olduğunu vurğuladı. Ekspertərin fəaliyyət sahələrindən də, söz açan xanım Tichomirova istehsal, konsultasiya, tibb və təhsil, əməyin keyfiyyəti və digər sahələrin adını çəkdi. Xanım Tichomirova 2023-cü ildə keçirilən layihələr arasında kənd təsərüffatı sahəsinin liderlik təşkil etdiyini qeyd etdi. Çıxışının sonunda isə o, Azərbaycanda kənd təsərüffatı və qida sənayəsi sahəsində layihələr barəsində geniş məlumat verdi.
AHK Azərbaycanın Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupu 27 may 2022-ci il tarixində keçirilmiş təsis iclası ilə öz fəaliyyətinə başlamışdı. Görüşə 20-dən çox üzv şirkətlərin nümayəndələri, eləcə də dövlət və ictimai qurumlardan iştirakçılar qatıldı.
İclası açıq elan edən cənab Fərid İsayev iştirakçıları salamladı və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun sədri cənab Rufat Tabasaranskini təqdim etdi və çıxışının davamında qeyd etdi ki, kənd təsərrüfatı mallarının istehsalı və ərzaq təhlükəsizliyi mövzuları dünya bazarlarında daha çox ön plana çıxdıqları üçün bu məsələlər biznes icması tərəfindən ciddi şəkildə izlənilir. O, daha sonra yaradılan yeni platformanın AHK Azərbaycana bu proseslərdə daha yaxından iştirak etməyə imkan verəcəyinə ümid etdiyini bildirdi. Bundan sonra Tobias Baumann iştirakçılara öz minnətdarlığını bildirdi və mövcud biznes mühitində yeni bazar imkanlarını müəyyən etmək üçün onlara fəal və səmərəli müzakirələr arzuladı.
Rufat Tabasaranski çıxışında təmsil etdiyi şirkəti qısaca təqdim etdi, qida sektorunda mövcud normativ baza və standartlardan danışdı və burada, xüsusilə də şəffaflığın artırılmasında imkanların olduğunu vurğuladı. Görüş Rufat Tabasaranskinin moderatorluğu altında iştirakçılardan təkliflərin toplanması ilə davam etdi. Həmçinin görüş zamanı razılaşdırıldı ki, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupu öz fəaliyyətini kənd təsərrüfatı və qida sektorunda normativ baza və standartlar, habelə investisiya mühitində mövcud çətinliklərin araşdırılması və ünvanlanması istiqamətində quracaqdır.
Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun Sədri Industrial Solutions MMC