Fəxri Hüseynov
Rəqəmsal Transformasiya İşçi Qrupunun Sədri Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)
Rəqəmsal Transformasiya İşçi Qrupu, üzv şirkətlərə qarşılıqlı əməkdaşlıq üçün xüsusi imkanlar təqdim edir və iqtisadi və sosial sahələri təmsil edən bütün biznes nümayəndələrinə açıqdır. Üzvlər, Azərbaycanda rəqəmsal transformasiya sahəsindəki layihələrin həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsindən faydalana bilərlər. Bundan əlavə, İşçi Qrupu müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsi məqsədilə bir platforma kimi fəaliyyət göstərir.
18 noyabr 2025-ci il tarixində AHK Azerbaijan-ın Rəqəmsallaşma İşçi Qrupu icra rəhbərlərinin iş proseslərində süni intellekt alətlərinin çevik rolunu araşdırmaq məqsədilə “Microsoft 365 Copilot for Executives” adlı vebinar təşkil edib. Tədbir Microsoft Teams platforması üzərindən onlayn formatda keçirilib.
Sessiya AHK Azerbaijan-ın Tərəfdaşlarla İş və Əlaqələr üzrə nümayəndəsi cənab Elçin İsmayılovun giriş nitqi ilə açılıb. Ardınca Rəqəmsal Transformasiya İşçi Qrupunun sədri, AZCON Holding şirkətini təmsil edən cənab Fəxri Hüseynov və sədr müavini, SMART business şirkətinin təmsilçisi cənab Ayxan Abdullayev çıxış ediblər.
Vebinarın əsas məruzəçisi – Microsoft 365 Copilot-un Biznesin İnkişafı üzrə meneceri xanım Daria Prosianyk – icra rəhbərləri üçün süni intellektin praktiki tətbiqlərinə dair geniş təqdimatla çıxış edib. O, görüşlərə hazırlıq, e-poçtların və Teams yazışmalarının xülasələnməsi, mühüm tapşırıqların vurğulanması, iclasların və öhdəliklərin avtomatik hesabatlarının hazırlanması, həmçinin məxfi məlumatlardan təqdimat və hesabatların generasiyası kimi əsas mövzulara toxunub.
Tədbir sual-cavab sessiyası və açıq müzakirə ilə yekunlaşıb. İştirakçılar mütəxəssislərlə birbaşa ünsiyyət quraraq Microsoft 365 Copilot-un icra proseslərində effektiv tətbiqi ilə bağlı fikir və təcrübə mübadiləsi aparıblar.
Bu tədbir AHK Azerbaijan-ın rəqəmsal transformasiyanın təşviqinə və bizneslərin məhsuldarlığı, həmçinin qərarvermə mexanizmlərini gücləndirən innovativ həllərdən istifadəsinə dəstək göstərmək öhdəliyini bir daha nümayiş etdirir.
2025-ci il avqustun 12-də AHK Azərbaycanın Rəqəmsal Transformasiya İşçi Qrupu “Süni İntellekt və AI Agentlərinin Əhəmiyyəti: Təşkilatlarda Tətbiq İmkanları” mövzusunda növbəti iclasını keçirdi.
Tədbir İşçi Qrupunun sədri Fəxri Hüseynovun açılış çıxışı ilə başladı. O, iştirakçıları salamlayaraq qurumun əsas missiyasının korporativ sektor, KOB-lar və dövlət qurumları arasında bilik və təcrübə mübadiləsini gücləndirməklə Azərbaycanın rəqəmsal transformasiya prosesini sürətləndirmək olduğunu vurğuladı. Fəxri Hüseynov süni intellektin səmərəliliyin artırılması, rəqabət qabiliyyətinin yüksəldilməsi və innovasiyaların təşviqində mühüm alət olduğunu qeyd etdi.
İşçi Qrupunun sədr müavini Ayxan Abdullayev çıxışında AI agentlərinin həm texniki imkanlarını, həm də strateji təsirlərini dərindən anlamağın vacibliyini önə çəkdi. O, açıq fikir mübadiləsini, sektorlararası əməkdaşlığı və müxtəlif yanaşmaların paylaşılmasını təşviq edərək, gələcək tətbiqlərin formalaşmasında birgə fəaliyyətin əhəmiyyətini vurğuladı.
İclasın əsas məruzəçisi, Mercedes-Benz Consulting GmbH şirkətinin Süni İntellekt üzrə eksperti, fəlsəfə doktoru Günay Kazımzadə, onlayn təqdimatında AI agentlərinin təşkilatlarda məhsulduluğu artırmaq, xərcləri azaltmaq və qərarvermə proseslərini gücləndirmək potensialını ətraflı izah etdi. Beynəlxalq təcrübələrdən nümunələr gətirərək, bu texnologiyaların mürəkkəb proseslərin avtomatlaşdırılması, strateji planlaşdırmanın dəstəklənməsi və biliklərin qorunması sahəsində verdiyi üstünlükləri nümayiş etdirdi.
Günay Kazımzadə həmçinin Azərbaycanın texnoloji inkişaf potensialına diqqət çəkərək, mövcud bürokratik və normativ maneələr səbəbindən beynəlxalq maliyyə və təcrübə imkanlarından tam istifadə olunmadığını bildirdi. O, BMT, YUNESKO və Avropa Şurası kimi qurumlarla daha sıx əməkdaşlıq edilməsini, Almaniya, Sinqapur və Estoniya kimi ölkələrin uğurlu təcrübələrinin isə nümunə götürülməsini tövsiyə etdi. Məruzəçi gələcəkdə qəbul olunacaq Azərbaycan AI Dövlət Strategiyasının qlobal innovasiya şəbəkələri ilə əlaqələndirilməsinin vacibliyini vurğuladı.
Sessiya təqdimat və sual-cavab formatında təşkil olunaraq, iştirakçılara mövcud problemləri, inkişaf üçün prioritet istiqamətləri və mümkün həll mexanizmlərini müzakirə etmək imkanı yaratdı. Dəvət edilmiş ekspertlərin paylaşdığı əlavə baxışlar isə dialoqu daha da dərinləşdirərək müzakirələrin əhatə dairəsini genişləndirdi.
Tədbir Azərbaycanın rəqəmsal transformasiya məqsədlərinə xidmət edə biləcək süni intellekt əsaslı yanaşmaların araşdırılması və inkişaf etdirilməsi istiqamətində birgə əməkdaşlıq niyyəti ilə yekunlaşdı.
1 iyul 2025-ci il tarixində AHK Azərbaycanın Rəqəmsal Transformasiya üzrə İşçi Qrupu yeni təyin olunmuş rəhbəri Fəxri Hüseynovu rəsmi olaraq təqdim etmək, iştirakçılar arasında qarşılıqlı tanışlığı təmin etmək və yeni rəhbərlik altında İşçi Qrupunun məqsədlərini müəyyənləşdirmək məqsədilə görüş keçirdi.
Görüş zamanı süni intellektin tətbiqi və təhlükəsizlik məsələləri, GDPR tələblərinə uyğun olaraq məlumatların inteqrasiyası, kibertəhlükəsizlik riskləri və Süni İntellekt Agentliyinin yaradılması təşəbbüsü kimi bir sıra mühüm mövzulara toxunuldu.
Bununla yanaşı, sənaye sahələrində süni intellekt və kibertəhlükəsizlik həllərinin tətbiqi perspektivləri, eləcə də gənclərə yönəlik maarifləndirici təşəbbüslər, nəqliyyat sektorunda rəqəmsal transformasiyanın əhəmiyyəti vurğulanaraq növbəti sessiyada Dövlət Gömrük Komitəsindən nümayəndənin iştirakı irəli sürüldü.
Son olaraq, GDPR qaydalarına uyğun şəkildə OpenAI texnologiyası vasitəsilə vebsaytlara məlumatların yüklənməsi imkanları nəzərdən keçirilmiş və gələcək sessiyaların onlayn formatda keçirilməsi ehtimalı da gündəmə gətirildi.
AHK Azərbaycanın 5 iyul 2024-cü il tarixində AHK Azərbaycanın ofisində Rəqəmsal Transformasiya İşçi Qrupunun növbəti görüşündə “COP29 və ətraf mühitin mühafizəsi sahəsində rəqəmsallaşma təşəbbüsləri” mövzusu müzakirə olundu.
Görüşü açıq elan edən, Rəqəmsal Transformasiya İşçi Qrupunun sədri Orxan Quliyev, COP29-a hazırlıq prosesi, yeniliklər və bugün ki, görüşün gedişatı və mövzu barədə görüş iştirakçılarını məlumatlandırdı və sözü qonaq məruzəçi, Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri cənab Rüstəm Həsənova verdi.
Cənab Həsənov dəvətə görə təşəkkürünü bildirdi və palatanın fəaliyyətini yaxından izlədiyini və bu kimi görüşlərin hər zaman məhsuldar olduğunu və aktual məsələlərin həllinə təkan verə biləcəyini qeyd etdi. O, çıxışında COP29 ilə bağlı ən son yenilikləri görüş iştirakçılarının nəzərinə çatdırdı.
Əlavə olaraq o çıxışında karbon kredit mexaniziminin tətbiqindən bəhs etdi və bu mexanizmin 2026-cı ildən tətbiq olunacağını qeyd etdi. COP-dan əvvəl isə sentyabrda Pre-COP tədbiri keçiriləcəyini və burada nazirlərin iştirak edəcəyini dedi. Gələn qonaqların yerləşməsi üçün otellərin qiymət artımı müşahidə olunduğunu və bu baxımdan COP29-un öz booking saytı olacağını, qonaqlar oradan otel rezervasiyası edə biləcəklərini qeyd etdi.
AHK Azərbaycanın 24 may 2024-cü il tarixində AHK Azərbaycanın ofisində keçirilən Rəqəmsal Transformasiya İşçi Qrupunun növbəti görüşündə Rəqəmsal dövrdə dövlət xidmətlərində innovasiya mövzusu müzakirə olundu.
Görüşü açıq elan edən, Rəqəmsal Transformasiya İşçi Qrupunun sədri, cənab Orxan Quliyev iştirakçıları salamladı, görüşün gedişatı və mövzu barəsində görüş iştirakçılarına məlumat verdi. Daha sonra o, sözü qonaq məruzəçi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) Dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsinin müdiri Semral Əliyevə verdi.
Salamlama nitqi ilə çıxışına başlayan cənab Əliyev ASAN Xidmətin 10 ildən artıq fəaliyyət göstərdiyini, ümumi 400 xidmətin mövcudluğunu və fəaliyyət istiqamətlərinin dövlət xidmətləri, innovasiyalar və sosial layihələr olduğunu qeyd etdi. ASAN Xidmətin orta günlük 40.000-dən çox müraciətinin olduğunu söyləyən cənab Əliyev, vətəndaşlara xidmətlərin daha əl çatan olması üçün səyyar xidmət göstərdiklərini də qeyd etdi. Xidmətlərin sadələşməsi və bürokratik əngəllərin qarşısını almaq məqsədilə ASAN İndeksin yaradılmasını və platformanın özündə Dövlət qurumları haqqında məlumatlılıq, Xidmətlərin qiymətləndirilməsi, Qiymətləndirmənin təhlili və Nəticələrin elan edilməsini cəmlədiyini vurğuladı. Cənab Əliyev ASAN Xidmətə vətəndaşların müxtəlif ideyalarını göndərməsi üçün İdeya Bankının yaradılmasını və 20 fərqli istiqamətdə müsabiqələrin keçirildiyini iştirakçılara bildirdi.
Bundan əlavə vahid mərkəzdə ödəniş etmək üçün fəaliyyət göstərən ASAN Ödəniş və ictimai iştirakçılıq platforması olan, dövlət xidmətləri, kommunal xidmətlər, yol və nəqliyyat problemləri ilə bağlı şikayətlərin elektron formada göndərilməsini təmin edən ASAN Müraciət platformaları haqqında danışdı.
12 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin AHK Azərbaycan Rəqəmsal Transformasiya İşçi Qrupu ilə görüşü baş tutdu. Dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi kontekstində keçirilən görüşdə 20-ə yaxın şirkət nümayəndəsinin iştirakı ilə ölkədə rəqəmsal iqtisadiyyat və süni zəka strategiyaları mövzusunda müzakirələr aparıldı.
İclası açıq elan edən Rəqəmsal Transformasiya İşçi Qrupunun rəhbəri Orxan Quliyev iştirakçıları salamladı, görüşün gündəliyi haqqında məlumat verdi və rəqəmsal tranformasiyanın əsas tərkib hissələrindən biri olan rəqəmsal iqtisadiyyat sahəsinin dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.
Tədbirdə qonaq məruzəçi kimi iştirak edən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktorunun vəzifəsini icra edən Fariz Cəfərov giriş sözü ilə tədbir iştirakçılarını salamladı və sosial-iqtisadi inkişaf strategiyaları istiqamətində görülən işlər barədə qısa məlumat verdi.
Daha sonra, cənab Cəfərov tərəfindən “Dördüncü sənaye inqilabı texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu” mövzusunda təqdimat keçirildi. Təqdimat zamanı dördüncü sənaye inqilabının əsas komponentləri, 4-cü sənaye inqilabı şəraitində fəaliyyətin təşkili kimi mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunuldu və həmçinin cənab Cəfərov mərkəzin strateji fəaliyyət istiqamətləri haqqında danışdı.
AHK Azərbaycanın Rəqəmsal Transformasiya İşçi Qrupunun növbəti görüşü cümə günü, 3 noyabr 2023-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 1-ci mərtəbəsində yerləşən “Innovation Space” hissəsində baş tutdu. Görüş “Enabling Tomorrow, Building It Today” mövzusunda keçirildi.
İclası açıq elan edən AHK Azərbaycanın İcraçı Direktoru Tobias Baumann iştirakçıları salamladı və görüşün gedişadı haqqında iştirakçılara məlumat verdi. Daha sonra o sözü Rəqəmsal Transformasiya İşçi Qrupunun sədri və Caspian Innovation Center MMC-nin Baş Əməliyyat İnzibatçısı Orxan Quliyevə verdi. Cənab Quliyev də öz növbəsində iştirakçıları salamladı və 2030-cu il Milli prioritetlərimizdən olan innovativ cəmiyyət və rəqabətli insan kapitalı haqqında iştirakçılara məlumat verdi və bu gün ki müzakirələrin daha çox innovasiya mövzusu üzərinə olacağını qeyd etdi. Daha sonra isə cənab Quliyev sözü İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri xanım İnarə Vəliyevaya verdi.
Tədbirdə məruzəçi kimi iştirak edən xanım Vəliyeva iştirakçıları salamladı və tədbirdə iştiraklarına görə qonaqlara öz təşəkkürünü bildirdi. Çıxışı zamanı xanım Vəliyeva İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin missiyası və vəzifələri ilə iştirakçıları tanış etdi. Uğurlu eko-sistemin qurulması və onun tərkib hissələri haqqında danışdı və daha sonra xanım Vəliyeva start-up-ların önəmi və Azərbaycanda bu sahənin inkişaf etdirilməsinin önəmini vurğuladı. İnformasiya kommunikasiya texnologiyaları sahəsində təqaüd verən milli təqaüd proqramı olan “Technest” təqaüd proqramı haqqında iştirakçılara geniş məlumat verən xanım Vəliyeva həmçinin təqaüd proqramının mahiyyətini də iştirakçılara aşıladı. Çıxışın sonunda isə xanım Vəliyeva iştirakçıların ünvanladığı suallara ətraflı cavab verdi.
3 mart 2023-cü il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Rəqəmsal Transformasiya İşçi Qrupunun ilk görüşü keçirildi. Görüş Azərbaycanda biznesdə əsas innovasiya çağırışları mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edən Tobias Baumann iştirakçıları salamladı və Rəqəmsal Transformasiya İşçi Qrupunun yeni sədri Orxan Quliyevi təqdim edərək ona qarşıdakı fəaliyyətində müvəffəqiyyətlər arzuladı. Daha sonra cənab Quliyev özü haqqında qısa məlumat verdi və rəqəmsal transformasiya və innovasiya sahələrində daha çox mövzuları əhatə etmək üçün işçi qrupunun rebrendinqi haqqında danışdı.
PAŞA Holding MMC-nin İnnovasiya proqramı üzrə rəhbəri vəzifəsində çalışan Fərrux Əliyev qonaq məruzəçi kimi görüşə qatılaraq bu sahədə öz təcrübəsini iştirakçılar ilə bölüşdü. Öz təqdimatında cənab Əliyev innovasiya üçün stimullar, innovasiyanın qarşısını alan səbəblər, innovasiya strategiyasının vacibliyi haqqında danışdı və qlobal innovasiya tendensiyaları və prioritet istiqamətlər mövzusunda iştirakçıları məlumatlandırdı. Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə interaktiv sual və cavab sessiyası və müzakirələr ilə davam etdi.
Rəqəmsal Transformasiya İşçi Qrupunun Sədri Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)
Rəqəmsal Transformasiya İşçi Qrupunun Vitse-Sədri SMART IT