Günel Sadiyeva
Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun Sədri PwC Azərbaycan
İşçi Qrupunun əsas məqsədləri arasında, palatanın üzvləri üçün aktual hüquqi məsələlər üzrə məlumatlandırma tədbirlərinin təşkil edilməsi, Azərbaycan qanunvericiliyində baş verən dəyişikliklərin müzakirəsi, fikir və təcrübə mübadiləsi, eləcə də müvafiq dövlət qurumları ilə dialoqun dərinləşdirilməsi mövcuddur.
AHK Azərbaycanın Vergi, Gömrük və Hüquqi Məsələlər üzrə İşçi Qrupu KPMG Azərbaycan ilə birgə “Süni İntellekt və Hüquq” mövzusunda biznes səhər yeməyi təşkil edib. Tədbir süni intellektin sürətli inkişafı və bunun hüquq praktikasına təsirini müzakirə etmək məqsədilə hüquq və biznes sahəsinin mütəxəssislərini bir araya gətirib.
Açılış nitqləri KPMG Law-un Azərbaycan və Özbəkistan üzrə direktoru Seymur Niftəliyev və Azərbaycan Hava Yollarının prezidentinin müşaviri Əfqan Baxışov tərəfindən səsləndirilib. Əfqan Baxışov süni intellektin sürətli inkişafını vurğulayaraq, effektiv tənzimləmələrin formalaşdırılmasında hüquqi ekspertizanın əhəmiyyətini qeyd edib. O, həmçinin Azərbaycanın süni intellektin inkişafı üzrə strategiyasına və gələcəkdə fırıldaqçılığın idarə olunması, komplayens və monitorinq sahələrində Sİ-nin roluna toxunub.
Əsas təqdimat KPMG Law-un Berlin ofisinin meneceri, hüquqi texnologiyalar və innovasiya sahəsində on ildən artıq təcrübəyə malik Martin Knost tərəfindən keçirilib. Təqdimat süni intellektin tənzimlənməsi, fırıldaqçılıq və təhlükəsizlik riskləri, eləcə də süni intellekt texnologiyalarının hüquqi fəaliyyətə dəstəyi mövzularını əhatə edib.
Cənab Knost hüquqi praktikada istifadə olunan müxtəlif süni intellekt alətlərini təqdim edib, avtonom və dil modelləri sahəsində baş verən yenilikləri müzakirə edib və məlumatların idarə olunması və analitikanın əhəmiyyətini vurğulayıb. Təqdim edilən nümunələrdə süni intellekt sistemlərinin hüquqi məlumat bazalarında kritik əlaqələri aşkar edərək araşdırma və məhkəmə proseslərinə əhəmiyyətli dəstək verdiyi nümayiş olunub.
Çıxışın sonunda Martin Knost 2026-cı il üçün süni intellekt trendlərini qeyd edib və gələcəkdə süni intellekt sistemlərinin daha yüksək səviyyədə müstəqilliyə doğru irəliləyəcəyini proqnozlaşdırıb. O, həmçinin KPMG-nin və müştərilərinin daha etibarlı süni intellekt nəticələrinin əldə olunması istiqamətində çalışdıqlarını vurğulayıb. Tədbir sual-cavab sessiyası və iştirakçılar arasında şəbəkələşmə ilə yekunlaşıb.
AHK Azərbaycanın Vergi, Gömrük və Hüquq Məsələləri üzrə İşçi Qrupunun cari il üzrə ilk görüşü AHK Azərbaycan ofisində baş tutdu. Görüşdə AHK-ya üzv şirkətlərin nümayəndələri iştirak edərək transfer qiymətləndirilməsi sahəsində tələblər və son yeniliklər ətrafında müzakirələr apardılar.
Tədbir Azərbaycanda transfer qiymətləndirilməsi ilə bağlı əsas məsələlərin, o cümlədən uyğunluq öhdəliklərinin, sənədləşdirmə standartlarının, praktiki tətbiq mexanizmlərinin və Əvvəlcədən Qiymət Razılaşmaları (APA) çərçivəsinin müzakirəsi üçün peşəkar platforma rolunu oynadı. İştirakçılar dəyişən tənzimləyici tələblərin biznes fəaliyyətinə və transsərhəd əməliyyatlara təsiri barədə fikir mübadiləsi apardılar.
Sessiyada Dövlət Vergi Xidmətinin Beynəlxalq Vergitutma və Vergi Monitorinqi Baş İdarəsinin Transfer Qiymətləri üzrə şöbə müdiri Təhminə Əsgərovan təqdimat ilə çıxış etdi. Təhminə Əsgərova çıxışında vergi sistemində şəffaflıq və hesabatlılığın artırılmasının ölkənin investisiya mühitinə müsbət təsir göstərdiyini vurğuladı. O, beynəlxalq transfer qiymətləndirilməsi təcrübəsinin Azərbaycan qanunvericiliyində əksini tapdığını qeyd edərək, qüvvədə olan qanunvericiliyə əsasən transfer qiymətlərinin müəyyən edilməsi üsulları arasında müqayisə edilə bilən nəzarətsiz qiymət üsulunun üstünlük təşkil etdiyini bildirdi.
Təhminə Əsgərova həmçinin transfer qiymətləndirilməsi üzrə sənədləşdirmə tələbləri barədə ətraflı məlumat verərək, düzgün sənədləşmənin və uyğunluğun həm milli qanunvericiliyə, həm də beynəlxalq standartlara uyğunluğun təmin edilməsində əhəmiyyətini diqqətə çatdırdı.
Daha sonra söz Dövlət Vergi Xidmətinin nümayəndəsi Anar Hüseynova verildi. Anar Hüseynov transfer qiymətlərinin müəyyən edilməsi ilə bağlı əlavə izahlar təqdim edərək, Əvvəlcədən Qiymət Razılaşmaları çərçivəsində prosedur məsələlərinə və bizneslər üçün praktik məqamlara toxundu.
Görüş interaktiv müzakirələrlə davam etdi, iştirakçılar öz suallarını səsləndirərək Dövlət Vergi Xidmətinin nümayəndələri ilə konstruktiv dialoq həyata keçirdilər.
2025-ci il dekabrın 16-da AHK Azərbaycan Vergi, Gömrük və Hüquqi Məsələləri İşçi Qrupu növbəti iclasını AHK Azərbaycan Ofisində keçirərək üzvləri və maraqlı tərəfləri büdcə və vergi siyasətindəki yeniliklər mövzusunda müzakirələr aparmaq üçün bir araya gətirib.
İclas Azərbaycanda fiskal çərçivədəki cari prioritetlər və gözlənilən dəyişikliklər barədə dialoq üçün peşəkar platforma təmin etdi. Xüsusi diqqət büdcə və vergi siyasətinin istiqamətlərinə və onların biznes icmasına təsirlərinə yönəldilib.
Sessiyada “Büdcə və Vergi Siyasəti Çərçivəsində Vergi Qanunvericiliyində Planlaşdırılan Dəyişikliklər” mövzusunda təqdimat həyata keçirildi. Təqdimatı Dövlət Vergi Xidmətinin nümayəndələri təqdim etdi. Baş Vergi Siyasəti İdarəsinin rəisi Rəşad Nuriyev və Baş Vergi Siyasəti İdarəsinin Vergi Qanunvericiliyi şöbəsinin rəisi Elnur Yusifov planlaşdırılan qanunvericilik dəyişikliklərinin səbəbləri barədə məlumat verərək əsas islahat sahələrini təqdim ediblər.
Təqdimat zamanı spikerlər vergi qanunvericiliyində gözlənilən yenilikləri, onların məqsədlərini, biznesə təsirlərini və daha geniş büdcə prioritetləri ilə uyğunluğunu diqqətə çatdırıblar. Müzakirələr vergi mühitində şəffaflığın, effektivliyin və proqnozlaşdırıla bilənliyin təmin edilməsi, həmçinin davamlı iqtisadi inkişafın dəstəklənməsi mövzularına fokuslanıb.
İclas interaktiv sual-cavab sessiyası ilə yekunlaşdı. Bu sessiya iştirakçılara təklif olunan vergi qanunvericiliyi dəyişiklikləri ilə bağlı suallar vermək, fikirlərini bölüşmək və praktik məqamları müzakirə etmək imkanı yaradıb.
18 noyabr 2025-ci ildə AHK Azerbaijan-ın Vergi, Gömrük və Hüquqi İşlər üzrə İşçi Qrupu Sazişlərin rəqabəti məhdudlaşdırmasının müəyyənləşdirilməsində isbat standartları" və "Rəqabət siyasətinin əsas istiqamətləri" mövzusunda məlumatlandırıcı sessiya təşkil edib.
Tədbirə hüquq ekspertləri və biznes nümayəndələri qatılıb, Azərbaycan qanunvericiliyi çərçivəsində ticarət nişanlarının qeydiyyatı, lisenziyalaşdırılması, qorunması və françayzinq aspektləri müzakirə edilib.
Sessiya Günel Sadıyeva tərəfindən idarə olunub və iştirakçılara intellektual mülkiyyət hüquqları və milli qanunvericiliyə uyğunluq mövzusunda dərin müzakirə platforması təqdim edilib. Tədbir Azərbaycan rəqabət qanunvericiliyinin əsas aspektlərinin tanıdılmasına və onun biznes praktikalarında tətbiqinə diqqət yetirib. İştirakçılar müxtəlif bazar strukturları, onların qiymət formalaşmasına, bazara girişə və ədalətli rəqabətə təsirləri haqqında məlumatlandırılıb.
Əsas məruzəçi kimi çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Təbii İnhisarlara Dövlət Nəzarəti Departamentinin rəhbəri Şəmsi Rzalı, iqtisadi subyektlərin təriflərini, aidiyyəti bazar anlayışlarını və horizontal və vertikal razılaşmaların hüquqi çərçivəsini təqdim edib. Anti-rəqabət davranışının riskləri və bazarın manipulyasiya olunması və rəqabətin məhdudlaşdırılması hallarının müəyyən edilmə meyarları diqqət mərkəzində olub. O, həmçinin innovasiyaya, bazarın inkişafına və kiçik bizneslərin rəqabət qabiliyyətinə dəstək verən razılaşmalar üçün istisna mexanizmlərindən bəhs edib.
Sessiya nəticəsində iştirakçılar biznes praktikasını uyğunluq standartları ilə necə əlaqələndirmək və Azərbaycanda şəffaf, rəqabətli bazar mühiti yaratmaq yolları barədə daha aydın anlayış əldə ediblər. Tədbir interaktiv sual-cavab sessiyası ilə başa çatıb və iştirakçılar Azərbaycan ticarət nişanlarının qorunması ilə bağlı qarşıya çıxan çətinliklər və imkanlar barədə fikir mübadiləsi aparıblar.
2025-ci il oktyabrın 29-da AHK Azərbaycanın Vergi, Gömrük və Hüquqi Məsələlər üzrə İşçi Qrupu “Azərbaycan qanunvericiliyinə əsasən əmtəə nişanlarının qorunması” mövzusunda maarifləndirici sessiya keçirib. Görüş hüquq sahəsinin mütəxəssislərini və şirkət nümayəndələrini bir araya gətirərək əmtəə nişanlarının qeydiyyatı, lisenziyalaşdırılması, qorunması və françayzinq kimi əsas hüquqi aspektləri müzakirə etmək üçün platforma yaradıb.
Sessiyaya Günel Sadıyeva moderatorluq edib və tədbir intellektual mülkiyyət hüquqları ilə bağlı dərin müzakirələrə, eləcə də milli qanunvericiliyə uyğunluq məsələlərinə həsr olunub.
Tədbirdə çıxış edən Schneider Group şirkətinin baş hüquqşünası Səbinə Kərimova, əmtəə nişanlarının növləri, funksiyaları və Azərbaycanda qeydiyyat prosesi barədə geniş təqdimatla çıxış edib. O, brendin bütövlüyünün qorunması üçün əmtəə nişanı sahibliyinin hüquqi incəliklərini dərindən anlamağın vacibliyini vurğulayıb.
Daha sonra Schneider Group şirkətinin direktoru və tərəfdaşı Thomas Mundry, lisenziya və françayzinq müqavilələri, paralel idxal qaydaları və Dövlət Gömrük Komitəsinin reyestrinin əmtəə nişanlarının qorunmasında rolu haqqında ətraflı məlumat verib. Onun təqdimatı şirkətlərin öz intellektual mülkiyyətini qorumaq və Azərbaycan bazarında daha etibarlı fəaliyyət göstərmək üçün tətbiq edə biləcəyi praktiki mexanizmlərə işıq salıb.
Sessiya iştirakçılara intellektual mülkiyyət hüququ sahəsində biliklərini dərinləşdirmək və fəaliyyətlərini milli və beynəlxalq standartlara uyğunlaşdırmaq üçün faydalı tövsiyələr təqdim edib.
Tədbir sonda interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb. İştirakçılar Azərbaycanda əmtəə nişanlarının qorunması ilə bağlı aktual problemlər və perspektivlər barədə fikir mübadiləsi aparıblar.
2025-ci il mayın 23-də AHK Azərbaycanın Vergi, Gömrük və Hüquq Məsələləri üzrə İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüş çərçivəsində "Birbaşa gömrük təmsilçiliyi: biznes üçün üstünlükləri və əsas nüanslar" mövzusunda təqdimat keçirildi.
Tədbirin açılışını İşçi Qrupunun rəhbəri və PwC Azərbaycan şirkətinin Vergi Direktoru Günel Sədiyeva etdi.
Təlimçi qismində çıxış edən “Avtokapital-Azərbaycan” MMC-nin Gömrük Departamentinin rəhbəri və PwC Azərbaycan şirkətinin Baş Gömrük Mütəxəssisi Elvin Əliyev, birbaşa gömrük təmsilçiliyi modelinin bizneslər üçün üstünlükləri barədə məlumat verdi. Bu üstünlüklərə prosedurların sürətlənməsi, maliyyə xərclərinin azalması, risklərin azaldılması və məlumat məxfiliyinin artırılması daxildir.
Elvin Əliyev çıxışında qeyd etdi:
“Vaxtdan və insan resurslarından qənaətlə istifadə edirik və ‘Yaşıl Dəhliz’ gömrükdəki gecikmə və dayanmaların azaldılmasına əhəmiyyətli dərəcədə töhfə verir. Bu mexanizm gömrük proseslərində səmərəlilik və şəffaflığın artırılması baxımından həyati əhəmiyyət daşıyır.”
Görüşdə həmçinin birbaşa təmsilçilik üçün müraciət prosesi və tələb olunan sənədlər barədə praktiki məlumatlar təqdim olundu.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı və peşəkarlar arasında bilik və təcrübə mübadiləsi üçün dəyərli platforma rolunu oynadı.
28 yanvar 2025-ci il tarixində, AHK Azərbaycanın Vergi, Gömrük və Hüquq Məsələləri üzrə İşçi Qrupunun növbəti görüşü baş tutdu. İclasda Büdcə-vergi siyasəti çərçivəsində vergi qanunvericiliyində həyata keçirilməsi planlaşdırılan dəyişikliklər barədə müzakirələr aparıldı.
Qonaq spikerimiz, Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi, Rəşad Nuriyev növbəti ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında iştirakçıları ətraflı məlumatlandırdı.
Görüşdə qanun layihəsi əsasında investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsi (vergi nəzarəti mexanizmi), beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılmasına dair qarşıya qoyulan əsas məqsədlər vurğulandı. Bundan əlavə, dövlət-özəl tərəfdaşlığı layihələri (PPP) haqqında qanunvericilikdə olan tənzimləmələr, rəqəmsallaşma və icarə xidmətləri üzrə əlaqələndirici platformaların inkişafı istiqamətində atılan addımların əhəmiyyəti qeyd edildi.
8 oktyabr 2024-cü il tarixində, AHK Azərbaycanın Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü baş tutdu. Görüşün əsas məqsədi AHK Azərbaycan tərəfindən üzv şirkətlərin vergi qanunvericiliyi və inzibatçılığı məsələsi ətrafında təkliflərin toplanaraq Dövlər Vergi Xidmətinə təqdim olunması idi.
İclası açıq elan edən AHK Azərbaycanın İcraçı Direktoru vəzifəsini icra edən Aytəkin Siraczadə iştirakçıları salamladı və sözü Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun sədri Günel Sadıyevaya verdi.
Çıxışında xanım Sadiyeva iştirakçıların sual və təklifləri əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kredit və vergitutma məsələləri, bank əmanətləri üzrə gəlir faizlərinin vergidən azadolunması mövzuları, və həmçinin Start up-larin nizamnamə kapitalı və nominal dəyər anlayışları haqqında ətraflı şəkildə məlumat verdi.
Günel Sadiyeva çıxışında gələcək layihələrdən biri olan Karbon vergilər ideyası əsasında məhsulların istehsal və idxalı üzrə vergiyə cəlb olunması ilə bağlı tədbir iştirakçılarını məlumatlandırdı. Görüşdə həmçinin sahibkarlıq fəaliyyətinə dair əlavə şərtlər haqqında dinləyicilərin fikirləri ətrafında müzakirıələr aparıldı.
Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı.
25 iyun 2024-cü il, çərşənbə axşamı günü AHK Azərbaycan Vergi, Gömrük və Hüquq Məsələləri üzrə İşçi Qrupu çərçivəsində Ələt Azad İqtisadi Zonasına (AFEZ) işgüzar səfər olmuşdur.
İştirakçılar Ələt Azad İqtisadi Zonasında baş verən prosesləri araşdırmaq və Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov ilə ikitərəfli görüşdə iştirak etmək üçün imkan əldə etdi.
Cənab Ələsgərov İqtisadi Zonadan potensial istifadəyə dair təqdimatla çıxış edərək investorlar üçün çoxsaylı imkan və üstünlükləri qeyd etdi. O, İrlandiya Respublikasının Avropanın ən kasıb ölkələrindən birindən aparıcı ixracatçıya çevrilməsi təcrübəsi ilə iştirakçıları məlumatlandırdı. Cənab Ələsgərov, həmçinin Çinin uğur hekayəsi və Hindistanın iqtisadi zonanın inkişafındakı problemlərinə toxundu. O, AFEZ-in unikal xüsusiyyətlərini və onun dünya miqyasında analoji qurumlardan fərqini ətraflı izah edərək, onun Azərbaycan iqtisadiyyatına əhəmiyyətli təsirini vurğuladı.
Səfər şirkətləri maraqlandıran əsas məsələlərin həlli ilə bağlı Azad İqtisadi Zona üzrə məlumat xarakterli daxili turdan ibarət olub və maraqlı sual-cavab sessiyası ilə yekunlaşdı.
AHK Azərbaycanın 14 may 2024-cü il tarixində AHK Azərbaycanın ofisində keçirilən Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşündə Dayanıqlı İnkişaf və ESG mövzusu müzakirə olundu.
Görüşü açıq elan edən, Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun sədri Günel Sadıyeva iştirakçıları salamladı. Məruzəçiləri qonaqlara təqdim etdikdən sonra isə görüşün gedişatı haqqında və Azərbaycanda COP-29 ilə bağlı gedən hazırlıqlarla bağlı iştirakçıları məlumatlandırdı. Daha sonra isə o, sözü PwC Azərbaycanın Baş hüquq sədri Leyla Sadıxovaya verdi.
Tədbirdə məruzəçi kimi iştirak edən xanım Sadıxova çıxışında beynəlxalq müstəvidə dayanıqlı inkişaf, qəbul edilmiş konvensiyalar və həmçinin BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyi barədə söz açdı. Burada müəyyən olunan inkişaf məqsədlərinin əksərinin ətraf mühitə aid olduğunu xüsusilə vurğuladı. Çıxışı zamanı xanım Sadıxova Dayanıqlı İnkişafın Ekoloji, Sosial və İdarəetmə (ESG) faktorlarından bəhs etdi. O, Ekoloji faktora iqlim dəyişiklikləri, ətraf mühitin deqradasiyası və ekosistemlərin pozulması; Sosial faktora gender məsələləri, inklüzivlik və əmək münasibətləri; İdarəetmə faktoruna isə təşkilati struktur, mükafatlandırma, müxtəliflik və bərabərlik kimi mövzuların daxil olduğunu vurğuladı.
Xanım Sadıxova tədbir iştirakçılarına Azərbaycan 2030 - Sosial İqtisadi İnkişafa dair Milli Prioritetlər barəsində geniş məlumat verdi. Bu prioritetlər arasında həmçinin dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat; İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış; Təmiz ətraf mühit və "Yaşıl Artım" ölkəsi prioritetləri yer alır. Təqdimat əsnasında o, maliyyə sahəsi üzrə dayanıqlı inkişafın biznes üçün təqdim etdiyi imkanlar və üstünlüklərə də toxundu. Çıxışını yekunlaşdıraraq sözü PwC Azərbaycanın Audit xidmətləri üzrə baş meneceri xanım Günay Əsgərovaya verdi.
Xanım Əsgərova da öz növbəsində iştirakçıları salamlayaraq çıxışına ESİ Strategiyanın tərtibatı maraqlı tərəflərin qarşılanmasında dəstək olması, ESİ strategiyasında Ekoloji aspekti, Sosial aspekti və İdarərtmə aspekti ilə bağlı məqsədlər və öhdəliklər; Dayanıqlı inkişafa dair təşəbbüslər; İşin gedişatını təsvir edən hesabatlıq haqqında məlumat verdi. Çıxışını ESİ sisteminin 5 mərhələsinin tətbiq olunması haqqında ətraflı məlumat verərək yekunlaşdıran xanım Əsgərova iştirakçılara öz təşəkkürünü bildirdi. Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı.
Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun Sədri PwC Azərbaycan
Hüquq Məsələləri üzrə Vitse-Sədr BHM Hüquq Şirkəti MMC
Gömrük Məsələləri üzrə Vitse-Sədr Avtokapital-Azərbaycan MMC