Azərbaycanda Xarici Biznes Hesabatı 2020
“Azərbaycanda Xarici Biznes: Biznes Mühiti" Hesabatının 2020-ci il üzrə nəşri Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən KPMG Azərbaycan şirkətinin dəstəyi ilə hazırlanıb. 2020-ci ilin iyun-iyul aylarında keçirilmiş onlayn sorğunun nəticələrinə əsaslanan və sorğu iştirakçılarının cavablarını özündə əks etdirən hesabat ölkədəki investisiya mühitinə xüsusi diqqət ayırmaqla xarici şirkətlərin Azərbaycandakı fəaliyyətinə fokuslanmışdır.
Sorğu şirkətlərin COVID-19 pandemiyasının mənfi təsirlərini azaltmağın yollarını axtardığı, hökumətin isə dəyişən iqtisadi mənzərə fonunda yeni islahatlar paketi hazırladığı xüsusi bir vaxtda həyata keçirilmişdir. Bunu nəzərə alaraq, hesabat hazırda davam edən iqtisadi islahatları və ölkədəki biznes və investisiya mühitini işıqlandırmaqla yanaşı, həm də xarici şirkət nümayəndələrinin pandemiyanın yaratdığı gərginliyin iqtisadi təsirləri haqqında düşüncələrini və onların hökumətin dəstək tədbirləri ilə bağlı təəssüratlarını əks etdirir. Beləliklə hesabat böyük qeyri-müəyyənlik dövründə xarici şirkətlərin biznes qərarları və gözləntiləri ilə tanış olmaq üçün xüsusi imkan yaradır, və eyni zamanda gələcək inkişaf yolunda sahibkarları dəstəkləmək və konstruktiv dövlət-özəl sektor dialoquna təkan vermək üçün dövlət orqanlarını və siyasətçiləri birinci əl məlumatla təmin edir.
Sorğuda iştirak edən şirkətlərə və onlayn müsahibələrdə bizimlə dəyərli fikirlərini və rəylərini bölüşən şəxslərə qiymətli vaxtlarını ayırdıqlarına görə dərin minnətdarlığımızı bildiririk.