Enerji Keçidi İşçi Qrupu
AHK Azərbaycanın Enerji Keçidi İşçi Qrupu Palatanın üzvü, Uniper Global Commodities SE şirkəti ilə əməkdaşlıq çərçivəsində 29 aprel 2022-ci il tarixində yaradılmışdır.
AHK Azərbaycanın Enerji Keçidi İşçi Qrupunun fəaliyyətinin əsas məqsədləri yerli enerji bazarının tənzimlənməsi, bərpa olunan və alternativ enerji mənbələri, tender prosesi və maliyyələşdirmə imkanları, enerjinin ötürülməsi və ixrac infrastrukturu daxil olmaqla enerji sektorunda mövcud çətinliklərin araşdırılması, bu sektorun əsas mövzularına həsr edilmiş tədbirlərin keçirilməsi və müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsidir.
İşçi Qrupunun əvvəlki görüşləri
24.10.2024: Enerji Keçidi İşçi Qrupunun iclası
24 oktyabr 2024-cü il tarixində AHK Azərbaycan qarşıdan gələn COP29 iqlim konfransına hazırlıq məqsədilə “İnnovasiya, Əməkdaşlıq, Transformasiya - COP29-dan gözləntilər” şüarı altında Enerji Keçidi üzrə İşçi Qrupunun növbəti iclasını keçirdi. İclas zamanı iştirakçılar dayanıqlı enerji sistemlərinə keçidi asanlaşdırmaq üçün vacib olan innovativ maliyyələşdirmə həllərini müzakirə etdi.
İclası açıq elan edən Enerji Keçidi İşçi Qrupunun vitse-sədri cənab Rəşad Hüseynli iştirakçıları salamladı və KPMG Azərbaycanın İdarəedici Partnyoru, KPMG Qafqaz və Mərkəzi Asiya üzrə Məsləhətçi Partnyoru cənab Vitaly Yakovlevi və KPMG Azərbaycanın Hüquq üzrə direktoru cənab Seymur Niftaliyevi təqdim etdi.
Cənab Vitaly Yakovlev çıxışında enerji keçidinin maliyyələşdirilməsi, bərpa olunan enerji və enerji təhlükəsizliyi məsələlərini gündəmə gətirdi. O, həmçinin COP29 Dünya İqlim Sammitinin əsas məqsədlərindən biri olan gələcəkdə yarana biləcək potensial iqlim risklərini azaltmaq məqsədilə yaşıl enerji təşəbbüslərinin maliyyələşdirilməsinin əhəmiyyətini vurğuladı. Bundan əlavə, Cənab Yakovlev, ölkəmizdə “Greenwashing”, iqlim dəyişikliyi, dekarbonizasiya, və yaşıl enerji investorları üçün mühitə dair məsələləri müzakirə etdi.
Daha sonra, cənab Seymur Niftaliyev çıxışında, iştirakçılara Azərbaycanda yaşıl infrastrukturun inkişafının vacibliyini izah etdi. Cənab Niftaliyev, ölkə üzrə təmiz enerji potensialını vurğuladı və yaşıl infrastrukturun inkişafını dəstəklənməsindəki İctimai-Özəl Tərəfdaşlıqların (Private Public Parnership) rolundan danışdı. O, bu infrastrukturun əhəmiyyətli sərmayə tələb etdiyini qeyd edərək, yaşıl layihələr üçün maliyyələşdirməni təmin edən “Yaşıl” kreditlər konseptini təqdim etdi.
İclas iştirakçılar arasında aktiv fikir mübadiləsi ilə yekunlaşdı. Ətraflı
29.04.2022: Enerji Keçidi İşçi Qrupunun təsis iclası
29 aprel 2022-ci il tarixində AHK Azərbaycanın Enerji Keçidi İşçi Qrupu təsis iclası ilə öz fəaliyyətinə başladı. Görüşdə 20-dən çox şirkət nümayəndəsi iştirak etdi.
İclası açıq elan edən cənab Tobias Baumann iştirakçıları salamladı və Enerji Keçidi İşçi Qrupunun sədri Dr. Michael Hilmeri təqdim etdi və Azərbaycanda enerji perspektivləri və onun regionun enerji təhlükəsizliyinə təsirlərinə toxundu. Dr. Michael Hilmer çıxışında yerli alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı məlumat verdi, enerji sektorda investisiya mühitindən danışdı və Enerji Keçidi İşçi Qrupunun yaradılması ilə bağlı qısa sorğuda üzv şirkətlərin qeyd etdiyi əsas mövzulardan bəhs etdi.
Görüş Dr. Michael Hilmer moderatorluğu altında iştirakçılardan təkliflərin toplanması ilə davam etdi. Həmçinin görüş zamanı razılaşdırıldı ki, Enerji Keçidi İşçi Qrupu öz fəaliyyətini yerli enerji bazarının tənzimlənməsi, bərpa olunan və alternativ enerji mənbələri, tender prosesi və maliyyələşdirmə imkanları daxil olmaqla enerji sektorunda mövcud çətinliklərin araşdırılması və ünvanlanması istiqamətində quracaqdır. Ətraflı