Maliyyə Xidmətləri İşçi Qrupu
Maliyyə Xidmətləri İşçi Qrupu AHK Azərbaycanın üzvü AccessBank QSC-i ilə əməkdaşlıq çərçivəsində 10 dekabr 2019-cu il tarixində yaradılmışdır.
AHK Azərbaycanın Maliyyə Xidmətləri İşçi Qrupunun fəaliyyətinin əsas məqsədləri maliyyə bazarında mövcud çətinliklərin araşdırılması daxil olmaqla, strateji və operativ planlaşdırma, qanunvericilikdəki dəyişikliklər, biznesin idarəedilməsi sahəsində bilik və təcrübə mübadiləsi, maliyyə və kontrollinq sahəsinin əsas mövzularına həsr edilmiş tədbirlərin keçirilməsi və müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsidir.
İşçi Qrupunun əvvəlki görüşləri
19.09.2024: Maliyyə Xidmətləri və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qruplarının birgə görüşü
2024-cü il sentyabrın 19-da AHK Azərbaycanın ofisində Maliyyə Xidmətləri və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qruplarının birgə görüşü keçirildi. Görüşün əsas mövzusu “Qiymətli kağızlar vasitəsilə maliyyə cəlbi” oldu. Tədbiri Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun vitse-sədri cənab İlqar Əliyev açaraq iştirakçıları salamladı, görüşün gedişatı və mövzu barədə məlumat verdi.
Görüşdə qonaq məruzəçi qismində Bakı Fond Birjasının (BFB) Listinq şöbəsinin rəhbəri Anjela Ramazanova çıxış etdi. O, əvvəlcə iştirakçıları salamladı, daha sonra Bakı Fond Birjasının tarixi, strukturu və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verdi. Xanım Ramazanova həmçinin BFB-nin yaxın zamanda həyata keçirdiyi rebrendinq prosesi və yeni strateji planı barədə danışdı. Ətraflı
17.09.2024: Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü
2024-cü il sentyabrın 17-də AHK Azərbaycanın Maliyyə Xidmətləri İşçi Qrupu, AHK Azərbaycanın ofisində “Yaşıl Maliyyələşdirmə və Yaşıl İqtisadiyyata Keçid” mövzusunda müzakirə aparıb. Bu görüş AHK Azərbaycan tərəfindən yaşıl inkişafa dəstək vermək məqsədilə başladılmış "İnnovasiya, tərəfdaşlıq, transformasiya - COP29-dan gözləntilər" şüarı altında keçirilən təşəbbüslər seriyasının bir hissəsi idi.
İclas Maliyyə Xidmətləri İşçi Qrupunun sədri cənab İlkin Quliyev tərəfindən açıldı. O, iştirakçıları salamladı və görüşün gedişatı eləcə də, mövzusu barədə məlumat verdi. Bundan əlavə, o, əvvəlki iclas barədə də qısa məlumat verdi. Cənab Quliyev yaşıl maliyyələşdirmənin əhəmiyyətini vurğuladı və bu tendensiyanın təşviqində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) mühüm rol oynadığını qeyd etdi.
Qonaq məruzəçi qismində AYİB-in Aparıcı Bankiri cənab Elmin İbrahimov çıxış etdi. O, əvvəlcə AYİB-in Azərbaycandakı fəaliyyəti barədə ümumi məlumat verdi və təşkilatın əsas diqqət mərkəzində olan sahələrə – enerji səmərəliliyi, bərpa olunan enerji və dayanıqlı infrastruktur barədə danışdı. Daha sonra cənab İbrahimov AYİB-in yaşıl maliyyə alətləri – yaşıl istiqrazlar, yaşıl kreditlər, davamlılıqla əlaqəli istiqrazlar və davamlılıqla əlaqəli kreditlər haqqında məlumat verərək hər birinin yaşıl maliyyə prinsipləri əsasında necə işlədiyini ətraflı izah etdi. Ətraflı
13.03.2024: Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü
AHK Azərbaycanın 13 mart 2024-cü il tarixində AccessBank QSC-nin Baş ofisində keçirilən Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti görüşündə Sahibkarlığın İnkişafı Fondunun fəaliyyət istiqamətləri və güzəştli maliyyə mexanizmləri elecə də SİF ilə əməkdaşlıq çərçivəsində AHK Azərbaycan üzvləri üçün mövcud bank xidmət və məhsulları mövzuları müzakirə olundu. Görüşdə AHK Azərbaycanın İdarə Heyətinin Sədri Tobias Baumann, görüşün moderatoru qismində AccessBank QSC İdarə Heyətinin üzvü və Maliyyə Xidmətləri İşçi Qrupunun sədri İlkin Quliyev, görüşün qonaq məruzəçiləri qismində isə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, AccessBank QSC-nin Kiçik, orta və korporativ müştərilər üzrə direktoru Cavid Əliyev çıxış etdilər.
Görüşü açıq elan edən Tobias Baumann iştirakçıları salamladı və görüşün gedişatı haqqında iştirakçılara məlumat verdi. Daha sonra görüşün moderatoru Cənab Quliyev də öz növbəsində iştirakçıları salamladı və bankın fəaliyyəti barəsində auditoriyaya geniş məlumat verdi. Daha sonra o, sözü cənab Xaliyevə verdi. Ətraflı
20.06.2023: Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü
20 iyun 2023-cü il tarixində 20-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti iclası keçirildi. Görüşdə Azərbaycanda maliyyə texnologiyalarının (fintek) mövcud hüquqi tənzimlənməsi istiqamətində müzakirələr aparıldı.
BHM Hüquq Şirkəti MMC-nin əməkdaşları, xanım Gülnar Qurbanova və xanım Türkan Hacıyeva görüşə qatılaraq ölkədə fintek sahəsinin normativ-hüquqi bazası haqqında iştirakçılara məlumat verəcək və sahənin inkişafı yollarından danışdılar.
Görüş Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru cənab Fərid Osmanovun iştirakı ilə müzakirələr və sual-cavab hissəsi ilə davam etdi və müzakirələrə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun sədri cənab Əfqan Baxışov moderatorluq etdi. Ətraflı
05.07.2022: Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü
5 iyul 2022-ci il tarixində 20-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti iclası keçirildi. Görüşdə İşçi Qrupunun 2022-ci ilin ikinci yarısı üzrə fəaliyyət planının müəyyən edilməsi məqsədilə Azərbaycanda maliyyə sektorunda aktual mövzular ətrafında müzakirələr aparıldı.
İclası açıq elan edən cənab Tobias Baumann iştirakçıları salamladı və Maliyyə Xidmətləri İşçi Qrupunun yeni sədri cənab Ramin Hüseynovu təqdim etdi və əlavə etdi ki, dünyada mövcud siyasi vəziyyətin maliyyə bazarlarına təsiri tam aydın deyil. Logistika şirkətləri xüsusən sərt sanksiyalardan əziyyət çəkir və yeni nəqliyyat dəhlizləri axtarışındadırlar. Çıxışında cənab Ramin Hüseynov Maliyyə Xidmətləri İşçi Qrupunun son dövrlərdəki fəaliyyətindən və əhatə etdikləri mövzulardan danışdı, eləcə də maliyyə sektorunda önə çıxan mühüm mövzulardan bəhs etdi.
Görüş cənab Ramin Hüseynovun moderatorluğu altında iştirakçılardan təkliflərin toplanması ilə davam etdi. Həmçinin görüş zamanı razılaşdırıldı ki, Maliyyə Xidmətləri İşçi Qrupu öz fəaliyyətini maliyyə və əməliyyat lizinqi, kapital və qiymətli kağızlar bazarları və makroiqtisadi tendensiyalar daxil olmaqla maliyyə sektorunda mövcud çətinliklərin araşdırılması və ünvanlanması istiqamətində quracaqdır. Ətraflı
19.04.2022: Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü
19 aprel 2022-ci il tarixində 40-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. Görüşdə pandemiyanın iqtisadi təsirləri və canlanma meyilləri fonunda ortaya çıxan risklər mövzusunda müzakirələr aparıldı.
İclas cənab Tobias Baumannın açılış nitqi ilə başladı və daha sonra xanım Evgenia Gashikulina iştirakçıları və qonaq məruzəçi - AccessBank-ın Müşahidə Şurasının üzvü cənab Werner Claesi salamladı və onun bank sektoru üzrə 20 ildən çox təcrübəsi olan mütəxəssis olduğunu və xüsusilə də risklərin idarəedilməsi, modelləşdirmə və əməliyyat səmərəliliyi sahələri üzrə ixtisaslaşdığını vurğuladı.
Çıxışı zamanı cənab Werner Claes daha çox qlobal mövqedən yanaşaraq bizneslərə böhran vəziyyətlərində kömək edə biləcək alətlər haqqında öz fikirlərini bölüşdü. O, iqtisadi təsir və qarşılıqlı bağlılıq, beynəlxalq bazarlarda böhrana qarşı mübarizə vasitələri, iqlim dəyişikliyi və qeyri-müəyyənlik şəraitində idarəetmə ilə bağlı bir çox mövzuya toxunaraq onlar barədə ətraflı məlumat verdi.
Görüş xanım Evgenia Gashikulina tərəfindən moderasiya edildi və qonaq məruzəçinin çıxışı interaktiv sual və cavab hissəsi ilə davam etdi. Ətraflı
27.01.2022: Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü
27 yanvar 2022-ci il tarixində 40-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. Görüş ölkədə maliyyə və bank sektorunun rəqəmsallaşdırılması strategiyası mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edərək xanım Evgenia Gashikulina iştirakçıları və qonaq məruzəçi - Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru cənab Fərid Osmanovu salamladı və ötən il işçi qrupunun üzvləri arasında aparılmış qısa sorğunu yada saldı. Sorğudan üzə çıxan məsələlərdən biri də bankçılıq sektorunda rəqəmsallaşma üçün gələcək yol xəritəsi ilə bağlı idi.
Cənab Fərid Osmanov öz təqdimatında yaxın gələcək üçün Mərkəzi Bankın strateji planlarını iştirakçılar ilə bölüşdü və onların bu istiqamətdə qanunvericilik, maliyyə bazarlarının inkişafı, maliyyə inkluzivliyi və rəqəmsallaşdırma sahələrində üzləşdikləri əsas məsələlərə toxundu. O, həmçinin Mərkəzi Bankının 2021-2023-cü illər üçün rəqabətli, innovativ və əlçatan ödəniş ekosisteminin formalaşdırılmasını hədəfləyən Rəqəmsal Ödəniş Strategiyası haqqında ətraflı məlumat verdi.
Görüş xanım Evgenia Gashikulina tərəfindən moderasiya edildi və qonaq məruzəçinin çıxışı interaktiv sual və cavab hissəsi ilə davam etdi. Ətraflı
03.02.2021: Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü
3 fevral 2021-ci il tarixində 20-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. Görüş Azərbaycanda bankçılıq və maliyyə sektorunda risklərin müəyyənləşdirilməsi və idarə edilməsi mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edərək xanım Yevgeniya Qaşikulina ölkədə və dünya bazarlarında davam edən bəzi qeyri-müəyyənliklərə baxmayaraq Azərbaycanda iqtisadi sahədə müsbət dəyişikliklərin olduğunu qeyd etdi. Onlayn görüş xanım Yevgeniya Qaşikulina tərəfindən moderasiya edildi və məruzəçi qismində iki mütəxəssis - AccessBank QSC-dən Hüquq və Komplayens üzrə icraçı direktor cənab Əfqan Baxışov və Anderraytinq Departamentinin rəhbəri cənab Fuad Rüstəmov görüşə qatılaraq iştirakçılarla bazarda mövcud şirkətləri təhlil edərkən maliyyə və hüquqi risklər ilə bağlı öz müşahidələrini bölüşdülər.
Onlayn iclas interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdılar. Ətraflı