AHK Üzvlərinin Yığıncağı
AHK-ya üzv şirkətlərin dəvət olunduğu Üzvlərin Ümumi Yığıncağı ildə iki dəfə keçirilir.
Ümumi Yığıncaqda Palatanın son aylarda fəaliyyəti haqqında üzv şirkətlərə məlumat verilir, büdcə məsələləri müzakirə edilir və illik hesabat təsdiq olunur. Bundan başqa Üzvlərin Ümumi Yığıncağında yeni üzvlər təqdim olunur, təsdiqlənir və onlara üzvlük şəhadətnamələri verilir. İdarə Heyəti üzvlərinin seçilməsi və məsuliyyətdən azad edilməsi, nizamnaməyə dəyişikliklərin edilməsi Ümumi Yığıncağın səlahiyyətində olan digər məsələlərdir.
Əvvəlki Üzvlərin Ümumi Yığıncaqları
21.05.2024: AHK Üzvlərinin Ümumi Yığıncağı
21 may 2024-cü il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 80-dən çox biznes nümayəndəsinin iştirakı ilə AHK Üzvlərinin Ümumi Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə keçirilir və tədbirdə AHK Azərbaycanın il ərzində təşkil etdiyi tədbirlər və əldə olunmuş nəaliyyətlər təqdim olunur.
Tədbiri salamlama nitqi ilə açan AHK İdarə heyətinin sədri cənab Anar Həsənov görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Palatanın və əməkdaşların gərgin əməyini yüksək qiymətləndirən sədr, Palata üzvlərinin aktiv fəaliyyətini və üzvlərin artmasının sevindirici hal olduğunu qeyd edib.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri cənab Dr. Ralf Horlemann son 15 ayın səfirlik üçün çox rəngarəng və gərgin keçdiyini, səfirlik tərəfindən bir sıra önəmli tədbirlərin keçirildiyini qeyd edib. Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi, həmçinin ölkə prezidenti cənab İlham Əliyevin Almaniyaya qısa zaman ərzində 4 dəfə işgüzar səfər etməsindən qürur duyduğunu, və bunun Almaniya-Azərbaycan əlaqələrinin daha da güclənməsinə töhvə verdiyini vurğulayıb. COP29-un həmçinin Almaniyanın Azərbaycanın biznes sektorunda fəallığının artmasına təşviq edə biləcəyini bildirib. Geridə qoyduğumuz ildə azərbaycanlıların rekord səviyyədə Almaniyadan viza əldə etməsini və bunun da Azərbaycanın nə qədər Almaniya yönümlü olmasının sübutu olduğundan söz açan cənab səfir növbəti illərdə də bu rəqəmlərin artmasının iki ölkə arasındakı ikitərəfli əlaqələrin inkişafına böyük təkan verə biləcəyini söyləyib.
AHK İdarə Heyətinin sədri cənab Anar Həsənov AHK tərəfindən geridə qalan aylar ərzində təşkil olunan işgüzar fiziki, onlayn, eləcə də sosial tədbirlər barəsində məlumat verib. Daha sonra cənab Rəşad Hüseynlinin Enerji Keçidi İşçi Qrupuna vitse-sədr təyin olunmasını elan edib. Cənab Həsənov həmçinin AHK Azərbaycanın İşçi Qruplarına son aylarda təşkil etdiyi tədbirlər və sərf etdikləri gərgin əməyə görə öz təşəkkürünü bildirib. İnsan Resursları və Peşə Təhsili & Təlimi İşçi Qrupunun aktiv fəaliyyətini yüksək qiymətləndirən cənab Həsənov, işıq üzü görən yeni "AHK Human Resources Insights" jurnallarından tədbir qonaqlarına bəhs edib. Cənab Həsənov 27-28 fevral 2024-cü il tarixləri arasında AHK Azərbaycanın Almaniya Federativ Respublikasının Şərqi Biznes Assosiasiyasının Bakıya işgüzar səfərinin və prezident cənab İlham Əliyev və İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarov ilə təşkil etdiyi görüşlər barədə də məlumat verib.
“Ötən ilin sonuncu Üzvlər Yığıncağından etibarən AHK Azərbaycana 15 yeni şirkət üzv olub və hal-hazırda Almaniya və Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 181 şirkət Palatamızın üzvüdür. Sevindirici haldır ki, Palatamızın keyfiyyətli işi və öhdəliyi sənayenin müxtəlif sahələrindən yeni şirkətləri cəlb etməyi bacarır.”
Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsindən sonra AHK Azərbaycanın yeni üzvləri təqdim olunub. Tədbir işgüzar şam yeməyi ilə yekunlaşıb. Ətraflı
29.11.2023: AHK Üzvlərinin Ümumi Yığıncağı
AHK Azərbaycan Üzvlərinin növbəti Ümumi Yığıncağı 100-ə yaxın biznes nümayəndəsinin iştirakı ilə baş tutub
29 noyabr 2023-cü il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 100-ə yaxın biznes nümayəndəsinin iştirakı ilə AHK Üzvlərinin növbəti Ümumi Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə həyata keçirilir və tədbirdə AHK Azərbaycanın il ərzində təşkil etdiyi tədbirlər və əldə olunmuş nəaliyyətlər təqdim olunur. Tədbirdə həmçinin Turizm Bürosunun idarə heyətinin sədri Florian Sengstschmid və Dövlət Turizm Agentliyinin mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov qonaq məruzəçi qismində iştirak etmişdir.
Tədbiri salamlama nitqi ilə açan AHK İdarə heyətinin sədri cənab Anar Həsənov görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Son altı ayda üzvlərin artan sayı barədə məlumat verən cənab sədr bunu Palatanın əməkdaşlarının gərgin əməyinin nəticəsi oduğunu vurğulamışdır. İmpuls tədbirlərinin uğurla həyata keçirilməsini, AHK İşçi Qruplarının yeni işçi heyətinin təyin edilməsini, Almaniyadan nümayəndə heyətlərinin Azərbaycana səfər etməsini və çox sayda fiziki tədbirlərin uğurla baş tutmasını özəlliklə vurğulayıb.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini Cənab Heiko Schwarz, AHK üzvlərini salamlayaraq, səfirliklə bağlı yenilikləri tədbirin iştirakçılarının nəzərinə çatdıraraq iki ölkə arasında Səfirliyin xidmətlərinin vacibliyindən söz açıb.
Tədbirdə qonaq məruzəçi qismində iştirak edən Turizm Bürosunun idarə heyətinin sədri Florian Sengstschmid 2019-cu ildən bəri ölkədə turizmin inkişafından və ölkəyə gələn xarici turistlərin artan tempindən bəhs etdi. Həmçinin yaxın gələcəkdə Qarabağ regionunda turistik destinasiyaların istifadəyə veriləcəyini vurğulamış, yeni yaradılan Turizm Bürosunun böyük səylə çalışdığından söz açdı.
Növbəti qonaq məruzəçi Dövlət Turizm Agentliyinin mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov Qarabağda turizmin inkişafı və fəaliyyət planı üçün hazırlanmış dövlət planını dinləyicilərin nəzərinə çatdırdı. Öz çıxışında cənab Cavadov ilk atılan addımın regiomnun tanıdılması, regionun mənimsənilməsi, tarixi abidələri aydınlaşdırmaq, ərazinin mənimsənilməsi ilə bağlı xarici ekspertlərin birgə iştirakı ilə Qarabağ regionuna edilən səfərlərdən bəhs etdi. Çıxışının sonunda isə Cənab Elgün Cavadov regionun beynəlxalq səviyyədə tanıdılması ilə bağlı artıq fəaliyyətlərə başlanılmasından və müxtəlif beynəlxalq sərgilərdə broşürlər, infomaterialların sərgilənməsini qeyd etmişdir.
Daha sonra AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann AHK Azərbaycanın fəaliyyəti və maliyyə göstəriciləri, o cümlədən ötən ilin nəaliyyətləri və növbəti illərdə nəzərdə tutulan layihələr haqqında qısa hesabatı qonaqlara təqdim edib.
“2023-cü ildə ötən Üzvlər Yığıncağından etibarən 6 ay müddəti ərzində AHK Azərbaycana 18 yeni şirkət üzv olub və hal-hazırda Almaniya və Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 185 şirkət Palatamızın üzvüdür.”
Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsindən sonra üzv şirkətlərin nümayəndlərinin ümumi razılığı ilə yeni üzvlərin Alman-Azərbaycan Xarici Ticarət Palatasının yeni üzvləri qonaqlara təqdim etdi.
Ardından CJ ICM şirkətinin 20 illik yubileyi ilə bağlı şirkətin ölkə üzrə meneceri Emil İmamov danışdı.
Sonda AHK Azərbaycanın İcraçı Direktoru Cənab Tobias Baumann və İdarə Heyətinin sədri Anar Həsənovun təqdimatı ilə yeni üzvlərin sertifikat vermə mərasimi baş tutmuşdur.
Tədbir Süleymanbəyli Qrupunun ifasında canlı musiqinin müşayiətində işgüzar şam yeməyi ilə yekunlaşıb. Ətraflı
17.05.2023: AHK Üzvlərinin Ümumi Yığıncağı
17 may 2023-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 90-a yaxın biznes nümayəndəsinin iştirakı ilə AHK Üzvlərinin Ümumi Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə həyata keçirilir və tədbirdə AHK Azərbaycanın il ərzində təşkil etdiyi tədbirlər və əldə olunmuş nəaliyyətlər təqdim olunur.
Tədbiri salamlama nitqi ilə açan AHK İdarə heyətinin sədri cənab Anar Həsənov görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Palatanın və əməkdaşların gərgin əməyini yüksək qiymətləndirən sədr Palata üzvlərinin sayının artmasını, İmpuls tədbirlərinin uğurla həyata keçirilməsini, AHK İşçi Qruplarının yeni işçi heyətinin təyin edilməsini, Almaniyadan nümayəndə heyətlərinin Azərbaycana səfər etməsini və çox sayda fiziki tədbirlərin uğurla baş tutmasını özəlliklə vurğulayıb.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Dr. Ralf Horlemann, AHK üzvlərini salamlayaraq, səfirliklə bağlı yenilikləri bölüşüb. Cənab Horlemann Almaniya və Azərbaycan arasında diplomatik münasibətlərdən söz açaraq, Cənab İlham Əliyevin qısa müddət öncə Almaniyaya səfərini iki ölkə arasındakı dostluq münasibətlərinin nəticəsi kimi qeyd edib. Həmçinin Cənab Səfir Azərbaycanda açılan yeni alman şirkətlərinin iki ölkə arasındakı iqtisadiyyata təsirlərindən, iki ölkə arasında siyasi, təhlükəsizlik, və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından da söz açıb. Çıxışını yekunlaşdıraraq, o, davamlı uğurlu əməkdaşlığa görə Palataya minnətdarlığını bildirib.
Daha sonra AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann AHK Azərbaycanın fəaliyyəti və maliyyə göstəriciləri, o cümlədən ötən ilin nəaliyyətləri və növbəti illərdə nəzərdə tutulan layihələr haqqında qısa hesabatı qonaqlara təqdim edib.
“Ötən ilin sonuncu Üzvlər Yığıncağından etibarən AHK Azərbaycana 14 yeni şirkət üzv olub və hal-hazırda Almaniya və Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 167 şirkət Palatamızın üzvüdür. Sevindirici haldır ki, bütün çətinliklərə baxmayaraq, Palatamızın keyfiyyətli işi və öhdəliyi sənayenin müxtəlif sahələrindən yeni şirkətləri cəlb etməyi bacarır.”
Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsindən sonra üzv şirkətlərin nümayəndlərinin ümumi razılığı ilə 2023-cü il üçün xəzinə nəzarətçiləri təyin olunub. Aşağıda AHK Azərbaycanın 2023-cü il üçün təyin olunan xəzinə nəzarətçiləri ilə tanış ola bilərsiniz:
Türkan Hacıyeva - BHM Legal Firm LLC şirkətinin Korporativ və Maliyyə Departamentinin meneceri
Sevinc Rəhimova - SERA Holding LLC şirkətinin təsisçisi
İlqar Əliyev - Industrial Solutions LLC şirkətinin rəhbəri
Tədbir Süleymanbəyli Qrupunun ifasında canlı musiqinin müşayiətində işgüzar şam yeməyi ilə yekunlaşıb. Ətraflı
16.11.2022: İdarə Heyətinin Seçkiləri ilə AHK Üzvlərinin Ümumi Yığıncağı
16 noyabr 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 90-a yaxın biznes nümayəndəsinin iştirakı ilə AHK Üzvlərinin Ümumi Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə keçirilir və tədbirdə AHK Azərbaycanın son yarım il ərzində təşkil etdiyi tədbirlər və əldə olunmuş nəaliyyətlər təqdim olunur. Tədbirdə, həmçinin Palatanın idarə heyətinin yeni üzvləri seçilib.
Tədbiri salamlama nitqi ilə açan AHK idarə heyətinin sədri cənab Fərid İsayev görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Palatanın gərgin əməyini yüksək qiymətləndirən sədr üzvlərin sayının artmasını, AHK Azərbaycanın İşçi Qruplarının güclənməsini və Almaniyadan çox sayda nümayəndə heyətlərinin Azərbaycana uğurlu səfərlərini özəlliklə vurğulayıb.
Almaniyanın Azərbaycandakı səfiri Dr. Ralf Horlemann AHK üzvlərini salamlayaraq, səfirlikdən yeniliklərlə bağlı çıxış edib və Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin əhəmiyyətini vurğulayıb.
“Azərbaycan Almaniyanın regionda əhəmiyyətli iqtisadi tərəfdaşıdır. Alman şirkətləri və investorları üçün bir çox sahədə, əsasən də Qarabağ iqtisadi rayonunun yenidən qurulmasında böyük imkanlar görürəm.”
Daha sonra AHK Azərbaycanın icraçı direktoru cənab Tobias Baumann AHK Azərbaycanın fəaliyyəti, o cümlədən ötən ilin nəaliyyətləri və növbəti illərdə nəzərdə tutulan layihələr haqqında qısa hesabatı qonaqlara təqdim edib.
“Son yarım il ərzində, yəni ötən ilin sonuncu Üzvlər Yığıncağından etibarən AHK Azərbaycana 12 yeni şirkət üzv olub və hal-hazırda Almaniya və Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 175 şirkət Palatamızın üzvüdür. Sevindirici haldır ki, Palatamızın keyfiyyətli işi və öhdəliyi sənayenin müxtəlif sahələrindən yeni şirkətləri özünə cəlb etməyi bacarır.”
Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsi və seçki komissiyasının müəyyən edilməsindən sonra bütün namizədlər öz təqdimatları ilə çıxış ediblər. Aşağıda AHK Azərbaycanın İdarə heyətinin yeni üzvləri ilə tanış ola bilərsiniz.
- Cənab Fərid Quliyev - PAŞA Bank ASC-nin korporativ bankçılıq departamentinin direktoru
- Cənab Anar Həsənov - Yelo Bank ASC-nin idarə heyətinin sədri
- Cənab Əliyar Haşımlı - Leistritz Pumpen GmbH şirkətinin biznesin inkişafı üzrə meneceri
- Dr Michael Hilmer - Uniper Global Commodities SE şirkətinin cənub regionu ölkələrinin qaz təchizatı üzrə vitse-prezidenti
- Cənab Emin İlyas - Bioropean MMC-nin təsisçisi və direktoru
- Dr Henning Sasse - Norm ASC-nin şirkətinin baş icraçı direktoru
- Cənab Tobias Baumann - AHK Azərbaycanın icraçı direktoru
İdarə heyəti üç il müddətinə təyin olunur.
Bundan sonra AHK Azərbaycanın yeni üzvləri təqdim olunub və tədbir Süleymanbəyli Qrupunun ifasında canlı musiqinin müşayiətində işgüzar şam yeməyi ilə yekunlaşıb.
Yeni seçilmiş İdarə heyətini təbrik edirik və növbəti üç il ərzində birlikdə işləməkdən məmnunluq hissi duyuruq! Ətraflı
07.12.2021: AHK Azərbaycanın Üzvlər Yığıncağı
07 dekabr 2021-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 100ə yaxın biznes nümayəndəsinin iştirakı ilə AHK Üzvlərinin Ümumi Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə keçirilir və tədbirdə AHK Azərbaycanın il ərzində təşkil etdiyi tədbirlər və əldə olunmuş nəaliyyətlər təqdim olunur. Bu tədbir xüsusi karantin rejiminin bütün tələblərinə və Covid-19 qaydalarına tam uyğun olaraq və təhlükəsizlik və sağlamlıq tədbirləri üzrə tövsiyyələrə ciddi riayət edilməklə təşkil olunub.
Tədbiri salamlama nitqi ilə açan AHK İdarə heyətinin sədri cənab Fərid İsayev görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Palatanın və əməkdaşların gərgin əməyini yüksək qiymətləndirən sədr pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq üzvlərin sayının artmasını, bu dövrdə AHK İşçi Qruplarının gücləndirilməsini, Almaniyadan nümayəndə heyətlərinin Azərbaycana səfər etməsini və sentyabr ayından etibarən fiziki tədbirlərin uğurla baş tutmasını özəlliklə vurğulayıb. Almaniyanın Azərbaycandakı səfiri Dr.Volfqanq Maniq AHK üzvlərini salamlayaraq, səfirliklə bağlı yenilikləri bölüşüb və davamlı uğurlu əməkdaşlığa görə Palataya təşəkkür edib. Daha sonra AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann AHK Azərbaycanın fəaliyyəti və maliyyə göstəriciləri, o cümlədən ötən ilin nəaliyyətləri və növbəti illərdə nəzərdə tutulan layihələr haqqında qısa hesabatı qonaqlara təqdim edib.
“Son bir il ərzində, yəni ötən ilin sonuncu Üzvlər Yığıncağından etibarən AHK Azərbaycana 23 yeni şirkət üzv olub və hal-hazırda Almaniya və Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 160 şirkət Palatamızın üzvüdür. Sevindirici haldır ki, bütün çətinliklərə baxmayaraq, Palatamızın keyfiyyətli işi və öhdəliyi sənayenin müxtəlif sahələrindən yeni şirkətləri cəlb etməyi bacarır.”
Tədbirdə xüsusi qonaq qismində çıxış edən BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreeva qonaqlara BMT-nin növbəti beş il ərzində Azərbaycanda fəaliyyət göstərəcək Ümumi Gündəliyini təqdim edib. Xanım Andreeva, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün BMT tərəfindən müəyyən edilmiş əməkdaşlıq və innovasiya yönümlü strateji istiqamətlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb. O, daha sonra bildirib ki, BMT Azərbaycan yaşıl iqtisadiyyatın qurulmasında, eləcə də səhiyyə, sosial müdafiə, təhsil və ədliyyə sahələrində xidmət göstərən təsisatların imkanlarının gücləndirilməsində hökumətin təşəbbüslərini dəstəkləməyə davam edir. Xanım Andreeva həmçinin DİM-lərin çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlərdə irəliləyişin təmin edilməsi üçün BMT ilə özəl sektor arasında genişləndirilmiş əməkdaşlığın vacibliyini də vurğulayıb.
Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsindən sonra AHK Azərbaycanın yeni üzvləri təqdim olunub.
Tədbir Süleymanbəyli Qrupunun ifasında canlı musiqinin müşayiətində işgüzar şam yeməyi ilə yekunlaşıb. Ətraflı
26.05.2021: AHK Azərbaycanın Üzvlər Yığıncağı
Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) 26 may 2021-ci il tarixində Hyatt Regency İclas & Konfrans Mərkəzində hibrid formatda AHK Azərbaycan Üzvlərinin Ümumi Yığıncağı baş tutdu.
Tədbiri AHK Azərbaycanın İdarə Heyətinin sədri cənab Fərid İsayev salamlama nitqi ilə açıq elan etdi. AHK Azərbaycanın icraçı direktoru və İdarə Heyətinin üzvü cənab Tobias Baumann daha sonra tədbirin gündəliyi haqqında məlumat verdi və AHK Azərbaycanın fəaliyyəti haqqında qısa hesabat ilə çıxış etdi. AHK Azərbaycan üzvlərini salamlayaraq Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini, xanım Andrea Sühl Almaniya Səfirliyindən yeniliklərlə bağlı üzv şirkətləri məlumatlandırdı və Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru cənab Fariz Cəfərov “Rəqəmsal dövrdə dövlət xidmətləri” mövzusunda məruzə ilə çıxış etdi.
Yığıncaq zamanı, həmçinin Palatanın 2020-ci il üçün illik hesabatı və xəzinə nəzarətçilərinin 2020-ci il üçün illik hesabatı təsdiq olundu, eləcə də 2021-ci il üçün yeni xəzinə nəzarətçilərinin seçkisi keçirildi. Tədbir yeni AHK üzv şirkətlərinin təqdim edilməsi ilə davam etdi. Yeni AHK üzv şirkətləri daha sonra Yığıncaq tərəfindən yekdilliklə təsdiq olundu.
Sonda AHK Azərbaycanın İdarə Heyətinin sədri cənab Fərid İsayev qonaq məruzəçilərə və AHK Azərbaycanın üzvlərinə tədbirdə iştirak üçün təşəkkürünü bildirdi. Ətraflı