Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreeva iştirak edib
07 dekabr 2021-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 100ə yaxın biznes nümayəndəsinin iştirakı ilə AHK Üzvlərinin Ümumi Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə keçirilir və tədbirdə AHK Azərbaycanın il ərzində təşkil etdiyi tədbirlər və əldə olunmuş nəaliyyətlər təqdim olunur. Bu tədbir xüsusi karantin rejiminin bütün tələblərinə və Covid-19 qaydalarına tam uyğun olaraq və təhlükəsizlik və sağlamlıq tədbirləri üzrə tövsiyyələrə ciddi riayət edilməklə təşkil olunub.
Tədbiri salamlama nitqi ilə açan AHK İdarə heyətinin sədri cənab Fərid İsayev görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Palatanın və əməkdaşların gərgin əməyini yüksək qiymətləndirən sədr pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq üzvlərin sayının artmasını, bu dövrdə AHK İşçi Qruplarının gücləndirilməsini, Almaniyadan nümayəndə heyətlərinin Azərbaycana səfər etməsini və sentyabr ayından etibarən fiziki tədbirlərin uğurla baş tutmasını özəlliklə vurğulayıb. Almaniyanın Azərbaycandakı səfiri Dr.Volfqanq Maniq AHK üzvlərini salamlayaraq, səfirliklə bağlı yenilikləri bölüşüb və davamlı uğurlu əməkdaşlığa görə Palataya təşəkkür edib. Daha sonra AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann AHK Azərbaycanın fəaliyyəti və maliyyə göstəriciləri, o cümlədən ötən ilin nəaliyyətləri və növbəti illərdə nəzərdə tutulan layihələr haqqında qısa hesabatı qonaqlara təqdim edib.
“Son bir il ərzində, yəni ötən ilin sonuncu Üzvlər Yığıncağından etibarən AHK Azərbaycana 23 yeni şirkət üzv olub və hal-hazırda Almaniya və Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 160 şirkət Palatamızın üzvüdür. Sevindirici haldır ki, bütün çətinliklərə baxmayaraq, Palatamızın keyfiyyətli işi və öhdəliyi sənayenin müxtəlif sahələrindən yeni şirkətləri cəlb etməyi bacarır.”
Tədbirdə xüsusi qonaq qismində çıxış edən BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreeva qonaqlara BMT-nin növbəti beş il ərzində Azərbaycanda fəaliyyət göstərəcək Ümumi Gündəliyini təqdim edib. Xanım Andreeva, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün BMT tərəfindən müəyyən edilmiş əməkdaşlıq və innovasiya yönümlü strateji istiqamətlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb. O, daha sonra bildirib ki, BMT Azərbaycan yaşıl iqtisadiyyatın qurulmasında, eləcə də səhiyyə, sosial müdafiə, təhsil və ədliyyə sahələrində xidmət göstərən təsisatların imkanlarının gücləndirilməsində hökumətin təşəbbüslərini dəstəkləməyə davam edir. Xanım Andreeva həmçinin DİM-lərin çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlərdə irəliləyişin təmin edilməsi üçün BMT ilə özəl sektor arasında genişləndirilmiş əməkdaşlığın vacibliyini də vurğulayıb.
Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsindən sonra AHK Azərbaycanın yeni üzvləri təqdim olunub.
Tədbir Süleymanbəyli Qrupunun ifasında canlı musiqinin müşayiətində işgüzar şam yeməyi ilə yekunlaşıb.