9 iyun 2022-ci il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüş Azərbaycanın iqtisadi inkişafında peşə təhsilinin rolu mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edən cənab Tobias Baumann iştirakçıları və qonaq məruzəçiləri salamladı və peşə təhsilinin Palatanın gündəliyində mühüm yer tutduğunu qeyd etdi. Yaxın keçmişə nəzər saldıqda əminliklə demək olar ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu sahənin inkişafında irəliyə doğru atılmış vacib addım idi. Daha sonra cənab Dəyanət Əhmədov işçi qrupunun son dövrlərdə fəaliyyəti haqqında iştirakçılara məlumat verdi və tədbirin gündəliyi ilə onları tanış etdi.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini / direktor vəzifəsini müvəqqəti icra edən cənab Ceyhun Kərəmov görüşə qatılaraq iştirakçılara agentliyin peşə təhsili sahəsində strateji prioritetlər və əsas inkişaf istiqamətləri, o cümlədən əlçatanlığın artırılması və yüksək texniki peşə təhsili haqqında danışdı. O, çıxışı zamanı Palatanın peşə təhsilinə verdiyi dəyəri xüsusilə vurğuladı. Bundan sonra BiWE International-ın ikili təhsil eksperti / Azərbaycan üzrə layihə meneceri, cənab Mehmet Çakar Azərbaycanda alman standartlarının tətbiqi ilə həyata keçirilən ikili peşə təhsili layihəsinin təqdimatını etdi.
Görüş AHK Azərbaycanın üzv şirkətləri və tərəfdaşlarının iştirakı ilə interaktiv sual və cavab sessiyası ilə davam etdi.