2024-cü il dekabrın 10-da AHK Azərbaycanın Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü keçirildi. Tədbir Azərbaycan Respublikasında texnoparklar mövzusunu əhatə etdi və Turan Legal and Tax Services MMC-nin təşəbbüsü ilə həyata keçirildi.
İclası açıq elan edən Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun Hüquq məsələləri üzrə vitse-sədri Gülnar Qurbanova iştirakçıları salamladı və ilkin olaraq sözü Turan Legal and Tax Services MMC-nin Təsisçi və Direktoru Zalbəy Ağadadaşova verdi. Cənab Ağadadaşov öz şirkətinin yeni proyektləri haqqında tədbir iştirakçılarını məlumatlandırdı.
Tədbirdə məruzəçi kimi iştirak edən ETN Yüksək Texnologiyalar Parkı MMC-nin Baş Direktoru Nihat Məcidov öz çıxışında Yüksək Texnologiyalar Parkının yeni layihələrindən bəhs etdi. Cənab Məcidov, parkın ƏDV-dən azad olunma halları və gömrük həllərinin tətbiqindən də danışdı. Həmçinin, "SABAH.city" layihəsinin ilkin fazasının artıq başladığını və 2026-cı ildə tamamlanacağını, layihənin ikinci fazasının isə 2026-2029-cu illərini əhatə edəcəyini qeyd etdi.
Daha sonra xanım Qurbanova sözü "SABAH.HUB" innovasiya mərkəzinin Baş Maliyyə Direktoru Toğrul İsmayılova verdi. Cənab İsmayılov, "SABAH.HUB"-un startup-lara təklif etdiyi müxtəlif dəstək xidmətlərindən, o cümlədən mentorluq, maliyyə dəstəyi və şəbəkələşmə imkanlarından, qarşıdakı planlardan və həyata keçirilən layihələrdən danışdı. O, həmçinin, "SABAH.school" layihəsinin məktəblərdə şagirdlərin startup və innovasiyalarla işləmək bacarıqlarının onların inkişafındakı rolu və proqramın digər mövcud üstünlükləri barədə iştirakçıları məlumatlandırdı.
Görüşün növbəti hissəsində, Turan Legal and Tax Services MMC-nin Hüquq Meneceri Rəşad Cahangirov, əvvəlcə texnoparklar və onların rezidentləri barədə ətraflı məlumat verdi. O, xüsusilə texnopark rezidentlərinin gəlir vergisindən azad olunması, mənfəət vergiləri və hüquqi məsələlər barədə danışdı. Rəşad Cahangirov bu vergi güzəştlərinin texnoparkların inkişafına və yeni innovativ layihələrin təşviqinə müsbət təsir etdiyini qeyd etdi.
Görüş, aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı.