Top Event
Top
Hyatt Regency Bakı
Üzvlər Tədbiri
AHK Impuls
Məkan
Hyatt Regency Bakı
Hyatt Zalı
İzmir küçəsi 6
Bakı
Azərbaycan
Show place in map
Tədbirin başlanma tarixi
29.10.2021 · 10:30
Tədbirin bitmə tarixi
29.10.2021 · 13:00

Dövlət Gömrük Komitəsinin sədri AHK İmpuls tədbirində iştirak edib

 

29 oktyabr 2021-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev “Gömrük nəzarəti və rəsmiləşdirilməsi sahəsində dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi” mövzusunda çıxış edib. Tədbir yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin mövcud tələblərinə riayət olunmaqla “Hyatt Regency” İclas və Konfrans Mərkəzində keçirilib.

AHK Azərbaycanın İcraçı direktoru, cənab Tobias Baumann tədbirin açılış nitqini etdikdən sonra  görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib.                                                                                            

Sonra tədbirin fəxri qonağı cənab Mehdiyev Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri və dəyişkən global iqtisadi mühit fonunda Gömrük Komitəsi tərəfindən şəffaflığın artırılması, kölgə iqtisadiyyatı və qaçaqmalçılıq ilə mübarizə və kadr potensialının gücləndirilməsi ilə bağlı aparılan işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Xüsusilə də dövlət-özəl sektor əməkdaşlığı nəticəsində fiziki yoxlamaların həcminin əhəmiyyətli dərəcədə azaldılması və  səmərəliliyin artırılması istiqamətində Gömrük xidməti tərəfindən görülən işlərdən bəhs edib. Bununla yanaşı, cənab Mehdiyev fiskal sahədə son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlardan, o cümlədən əhaliyə göstərilən elektron xidmətlərdən və sözügedən sahənin təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş prioritet hədəflərdən danışıb.

Müasir və sadə prosedurların tətbiqi və qanunvericiliyə uyğunlaşdırılması barədə çıxış edən DGK sədri “Yaşıl dəhliz” sisteminin təkmilləşdirilməsi və gömrük xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb və gömrük rüsumlarının ödənilməsində könüllülük prinsipinin tətbiqinin vacibliyini vurğulayıb. O qeyd edib ki, 750 şirkət artıq “Yaşıl dəhliz” sisteminə qoşulub və onlar ümumi ixracın 30%-nə yaxınını, idxalın isə 41%-ni təşkil edirlər.

Beynəlxalq əməkdaşlıqlara və xarici bizneslərin təkliflərinə xüsusi önəm verdiklərini qeyd edən cənab Sədr, rəqabətədayanıqlı iqtisadiyyatın təmin edilməsi üçün yeni gömrük məcəlləsinin hazırlandığını və dünya ticarətində baş verən yeniliklərin Azərbaycanda gömrük sahəsindəki islahatlarda nəzərə alındığını bildirib. Cənab Mehdiyev vurğulayıb ki, xidmətlərin rəqəmsallaşdırılması əhalinin bu xidmətlərdən asan və rahat şəkildə faydalanmasını təmin etməklə yanaşı, qurulmuş sistemin optimallaşdırılması imkanlarını daha da artıracaq.

Çıxışından sonra cənab Mehdiyev AHK Azərbaycan üzvlərinin suallarını cavablandırıb və Palataya özəl sektor nümayəndələri ilə yaratdığı birbaşa dialoq imkanı üçün minnətdarlığını ifadə edib. Tədbir işgüzar nahar yeməyi ilə yekunlaşıb.

Aytəkin Siraczadə

Aytəkin Siraczadə

Üzvlük Xidmətləri şöbəsinin rəhbəri