Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəylinin AHK Azərbaycan üzvləri ilə görüşü keçirilib
16 noyabr 2021-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil edib. Tədbirin fəxri qonağı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) rəis müavini cənab Məmməd Abbasbəyli “Azərbaycanda Antiinhisar Nəzarəti və Rəqabət Mühiti: Gələcəyə Baxış” mövzusunda çıxış edib. Tədbir yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin mövcud tələblərinə riayət olunmaqla “Hyatt Regency” İclas və Konfrans Mərkəzində keçirilib. AHK Azərbaycanın İcraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqini etdikdən sonra tədbirdə iştirak edən diplomatik missiya nümayəndələrini salamlayıb və sözü daha sonra tədbirin fəxri qonağı cənab Məmməd Abbasbəyliyə verib.
Cənab Abbasbəyli ötən aylarda AHK Azərbaycan tərəfindən dərc olunan illik Biznes Mühiti Sorğusuna istinad edərək qeyd edib ki, dövlət satınalmalarında şəffaflığın artırılması və tender meyarları və prosedurlarının yaxşılaşdırılması Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər tərəfindən sağlam biznes və investisiya mühitinin əsas tələblərindən biri kimi qeyd olunub. Sorğunun nəticələrinin AİBNDX tərəfindən dərindən təhlil olunduğunu deyən rəis müavini, qurumun islahat tədbirlərində xarici şirkətlərin təklif və fikirlərinin nəzərə alınacağını vurğulayıb.
Abbasbəyli AİBNDX-nin fəaliyyət istiqamətləri, qurumun fəaliyyətinin təkmilləşdirilməsi üçün davam edən institusional islahatlar barədə ətraflı məlumat verib. Həmçinin bildirilib ki, son dövrlər liberal və rəqabətli iqtisadi siyasət vasitəsiylə davamlı iqtisadi artış istiqamətində vacib addımlar atılır. Bununla yanaşı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə birbaşa dövlətin iştirakı ilə bazarlarda rəqabətli mühitin yaranmasının təşviqi üçün müəyyən edilmiş yeni tədbirlərdən danışan Abbasbəyli, həm beynəlxalq təcrübə, həm də Azərbaycanın iqtisadi artım şərtləri nəzərə alınmaqla Rəqabət Məcəlləsinin yeni təkmilləşdirilmiş layihəsinin hazırlandığını və hal-hazırda layihənin müvafiq strukturlarla razılaşdırılma mərhələsində olduğunu qeyd edib.
Bundan əlavə qeyd olunub ki, bu il dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr hesabına elektron satınalmaların həcmi 630.3 mln. manat təşkil edib ki, bu da həmin dövrdə ümumi satınalmaların 15.4%-na bərabərdir. Dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 96% təşkil edib.
Tədbirdə həmçinin AİBNDX-nin strateji hədəfləri barədə də məlumat verilib. Qeyd edilib ki, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyətini təmin edən ədalətli və azad rəqabət mühitinin qorunması, milli iqtisadiyyatda rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və davamlı inkişafın dəstəklənməsi, xidmətlərin rəqəmsallaşdırılması, habelə istehlak mərkəzli ekosistemin yaradılması 2022-2026-cı illər üçün əsas prioritet məqsədlər və strateji sütunlar kimi müəyyən edilib.
Təqdimatdan sonra cənab Abbasbəyli AHK Azərbaycan üzvlərinin suallarını cavablandırıb və Palataya özəl sektor nümayəndələri ilə yaratdığı birbaşa dialoq imkanı üçün minnətdarlığını ifadə edib. Tədbir işgüzar şam yeməyi ilə yekunlaşıb.