21 may 2024-cü il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 80-dən çox biznes nümayəndəsinin iştirakı ilə AHK Üzvlərinin Ümumi Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə keçirilir və tədbirdə AHK Azərbaycanın il ərzində təşkil etdiyi tədbirlər və əldə olunmuş nəaliyyətlər təqdim olunur.
Tədbiri salamlama nitqi ilə açan AHK İdarə heyətinin sədri cənab Anar Həsənov görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Palatanın və əməkdaşların gərgin əməyini yüksək qiymətləndirən sədr, Palata üzvlərinin aktiv fəaliyyətini və üzvlərin artmasının sevindirici hal olduğunu qeyd edib.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri cənab Dr. Ralf Horlemann son 15 ayın səfirlik üçün çox rəngarəng və gərgin keçdiyini, səfirlik tərəfindən bir sıra önəmli tədbirlərin keçirildiyini qeyd edib. Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi, həmçinin ölkə prezidenti cənab İlham Əliyevin Almaniyaya qısa zaman ərzində 4 dəfə işgüzar səfər etməsindən qürur duyduğunu, və bunun Almaniya-Azərbaycan əlaqələrinin daha da güclənməsinə töhvə verdiyini vurğulayıb. COP29-un həmçinin Almaniyanın Azərbaycanın biznes sektorunda fəallığının artmasına təşviq edə biləcəyini bildirib. Geridə qoyduğumuz ildə azərbaycanlıların rekord səviyyədə Almaniyadan viza əldə etməsini və bunun da Azərbaycanın nə qədər Almaniya yönümlü olmasının sübutu olduğundan söz açan cənab səfir növbəti illərdə də bu rəqəmlərin artmasının iki ölkə arasındakı ikitərəfli əlaqələrin inkişafına böyük təkan verə biləcəyini söyləyib.
AHK İdarə Heyətinin sədri cənab Anar Həsənov AHK tərəfindən geridə qalan aylar ərzində təşkil olunan işgüzar fiziki, onlayn, eləcə də sosial tədbirlər barəsində məlumat verib. Daha sonra cənab Rəşad Hüseynlinin Enerji Keçidi İşçi Qrupuna vitse-sədr təyin olunmasını elan edib. Cənab Həsənov həmçinin AHK Azərbaycanın İşçi Qruplarına son aylarda təşkil etdiyi tədbirlər və sərf etdikləri gərgin əməyə görə öz təşəkkürünü bildirib. İnsan Resursları və Peşə Təhsili & Təlimi İşçi Qrupunun aktiv fəaliyyətini yüksək qiymətləndirən cənab Həsənov, işıq üzü görən yeni "AHK Human Resources Insights" jurnallarından tədbir qonaqlarına bəhs edib. Cənab Həsənov 27-28 fevral 2024-cü il tarixləri arasında AHK Azərbaycanın Almaniya Federativ Respublikasının Şərqi Biznes Assosiasiyasının Bakıya işgüzar səfərinin və prezident cənab İlham Əliyev və İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarov ilə təşkil etdiyi görüşlər barədə də məlumat verib.
“Ötən ilin sonuncu Üzvlər Yığıncağından etibarən AHK Azərbaycana 15 yeni şirkət üzv olub və hal-hazırda Almaniya və Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 181 şirkət Palatamızın üzvüdür. Sevindirici haldır ki, Palatamızın keyfiyyətli işi və öhdəliyi sənayenin müxtəlif sahələrindən yeni şirkətləri cəlb etməyi bacarır.”
Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsindən sonra AHK Azərbaycanın yeni üzvləri təqdim olunub. Tədbir işgüzar şam yeməyi ilə yekunlaşıb.