14 oktyabr 2021-ci il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İKT İşçi Qrupunun bu il üçün fiziki şəkildə ilk görüşü keçirildi. Görüş Azərbaycanda analitika və süni intellekt texnologiyalarının biznesdə tətbiqi mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edərək cənab Rüfət Sadıqov uzun bir fasilədən sonra fiziki şəkildə görüşlərə qayıtmaqdan məmnunluğunu ifadə etdi və gündəlik iş prosesində müştəri hərəkətliliyi və alış-veriş vərdişlərini müəyyənləşdirmək üçün data analitikasının önəminə diqqət çəkdi. Məruzəçi qismində SAS.com-da (Statistik Analiz Proqram Təminatı) SEE rəqəmsal transformasiya və innovasiya üzrə rəhbər vəzifəsində çalışan və Türkiyədən dəvət olunmuş mütəxəssis, cənab Altan Atabarut görüşə qatılaraq onlayn data analitikası sahəsində sınaqdan keçmiş ən yaxşı praktiki həlləri iştirakçılar ilə bölüşdü. Təqdimat əsnasında o, bankçılıq və sığorta sahəsindən istehsalata qədər əsas sektorlar üzrə təklif olunan süni intellekt həllərinə toxundu.
Görüş interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırdı.