İnnovasiya, tərəfdaşlıq, transformasiya - COP29-dan gözləntilər
13 iyun 2024-cü il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) qarşıdan gələn COP29 iqlim konfransına hazırlıq məqsədilə “İnnovasiya, Tərəfdaşlıq, Transformasiya - COP29-dan gözləntilər” şüarı altında silsilə tədbirlərə start verib. Bu çərçivədə ilk addım olaraq 100-ə yaxın üzv şirkət nümayəndələrinin və digər qonaqların iştirakı ilə COP29 mövzusunda AHK Impuls tədbirini keçirib. Tədbirin fəxri qonağı, COP29 Azərbaycan üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu xanım Nigar Arpadarai COP29 ilə bağlı aktual məqamları tədbir iştirakcılarının nəzərinə çatdırıb. Bunun ardınca isə, öz sahəsinin tanınmış nümayəndələri il maraqlı panel müzakirəsi keçirilib.
AHK Azərbaycan İdarə Heyətinin üzvü cənab Fərid Quliyev tədbirin açılış nitqində qonaqlar və tədbir iştirakçılarını salamlayıb və tədbirin gündəliyi barədə məlumat verib. Sonra o, sözü Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri doktor Ralf Horlemanna verib.
Dr Horlemann öz çıxışında dünyanın, o cümlədən Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət daşıyan COP29 ilə əlaqədar tədbir təşkil etdiyinə görə AHK Azərbaycan-a təşəkkür edib. O, iqlim maliyyəsi, iqlim mühafizəsi tədbirləri və qlobal istiləşmənin qarşısının alınması üçün göstərilən səylərdən danışıb. O, diqqətə çatdırıb ki, Azərbaycanın Avropa üçün yaşıl enerji tədarükçüsü olmaq yolunda böyük ambisiyaları var. Almaniyanın ətraf mühitin mühafizəsi sahəsində öz təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib.
Daha sonra Xanım Arpadarai çıxışı zamanı ətraf mühit, sosial və idarəetmə (ESG) təcrübələrinə inteqrasiya olunmuş yanaşmaların və ESG strategiyasının əhəmiyyətini vurğulayıb. O, həmçinin iddialı iqlim məqsədlərinə nail olmağın yollarını və NDC-ləri (Milli Müəyyən edilmiş töhfələr) tədbir iştirakçıları ilə müzakirə edib. O qeyd edib ki, belə əlamətdar tədbirə ev sahibliyi etmək Azərbaycan üçün böyük şərəfdir və ölkəmizə olan etimadın göstəricisidir. Xanım Arpadarai yaşıl keçidin Azərbaycanın milli prioritetləri sırasında olduğunu bildirərək xatırladıb ki, COP29-dan sonra Azərbaycan uzun illər yaşıl keçidi davam etdirmək niyyətindədir. Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsinin də COP29-un əsas mövzularından biri olduğunu vurğulayıb. Xanım Arpadarai diqqətə çatdırıb ki, onların komandası qeyri-dövlət qurumları, yəni, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti qurumları, sahibkarlar, şəhər nümayəndələri, xeyriyyə cəmiyyətləri ilə birgə işləyir, onlarla hökumətlər arasında körpü yaratmaq missiyasını həyata keçirir. COP29-un Rəyasət Heyəti mərhələli və rahat keçidin asanlaşdırılmasında biznes ictimaiyyətinin və vətəndaş cəmiyyətinin fəal iştirakını təmin etmək üçün mümkün olan hər şeyi edir.
EKM Global Consulting GmbH şirkətinin Layihə Meneceri cənab Mustafa Musayev “Rəqəmsal Əkizlər CO2 Emissiyalarını Necə Azaldır” mövzusunda təqdimat edib. O, onların innovativ həllərini və sənayelər üzrə ekoloji təmiz əməliyyatların praktiki nümunələrini vurğulayıb.
Tədbir PwC Azərbaycanın Vergi Direktoru Günel Sadiyevanın moderatorluğu ilə “COP29 və Bizneslərin Paris Sazişinin Məqsədlərinə Töhfəsi” adlı maraqlı panel müzakirəsi ilə davam edib.
Sustainer Solutions şirkətinin icraçı direktoru cənab İlkin Hacıyev COP29-u dünyanın demək olar ki, hər bir ölkəsini əhatə edən çoxtərəfli iqlim dəyişikliyi qərarları üçün qlobal mərkəz olduğunu vurğulayıb. O, COP tarixindən, COP28-in biznesə təsir edən əsas nəticələrindən danışıb və COP29 ilə bağlı gözləntiləri bölüşüb.
Norm ASC-nin baş icraçı direktoru Dr Henning Sasse Azərbaycan Sement İstehsalçıları Assosiasiyası (ACPA) və onun ilk layihəsi olan "Azerbaijan Net Zero Accelerator" haqqında ətraflı məlumat verib. O, Azərbaycanın sement sektorunun xüsusiyyətlərini müzakirə edib və ACPA-nın təşəbbüsünü nümayiş etdirmək üçün tərəflərin COP29 konfransı üçün planlarından danışıb.
Uniper Global Commodities SE-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli sürətlə dəyişən enerji landşaftından və Uniper-in fəaliyyətindən danışıb. Uniper-in 2030-cu ilə qədər etibarlı və davamlı qaz təchizatı təmin etmək üçün elastiklik, tarazlıq və təmiz qazların istifadəsinə yönəlmiş strategiyasından bəhs edib.
PAŞA Bank ASC-nin Maliyyə İnstitutlarının rəhbəri Mirsəyyad Mahmudov Yaşıl Kreditlər və Karbon Kreditləri haqqında fikirlərini bölüşüb. O, 2024-cü ilin əvvəlində hökumət tənzimləmələri və cari bazar şərtlərini nəzərə alaraq yaşıl kredit meyarları haqqında ətraflı məlumat verib. Cənab Mahmudov bu təşəbbüslərdə uzunmüddətli davamlılığın vacibliyini vurğulayıb.
Tədbir sual-cavab sessiyası, canlı müzakirələr və işgüzar naharla yekunlaşıb.
Tədbirin sponsorluğuna görə EKM Global Consulting GmbH və Food City Agrocomplex-ə minnətdarlığımızı bildiririk.