6 iyul 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil etdi. Tədbir Azərbaycanda əhalinin məşğulluğu sahəsində dövlət siyasəti mövzusuna həsr olunmuşdu. Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri cənab Mustafa Abbasbəyli “Məşğulluq strategiyasının iqtisadi inkişafın təmin edilməsində rolu” adlı məruzə ilə tədbirdə çıxış etdi.
AHK Azərbaycanın icraçı direktoru, cənab Tobias Baumann görüşün açılış nitqində tədbirdə iştirak edən üzv şirkətləri və Palatanın tərəfdaşlarını salamladı və sözü daha sonra tədbirin fəxri qonağı cənab Mustafa Abbasbəyliyə verdi.
Cənab Abbasbəyli öz çıxışında nazirliyin aktiv əmək bazarına mümkün qədər çox vətəndaşı, yəni vergi ödəyicilərini cəlb etmək və saxlamaq məqsədindən danışaraq, aktiv əmək bazarı iştirakçıları ilə sosial təminat alan şəxslər arasında keçid prosesində pozuntunun iqtisadi vəziyyətə necə zərərli olacağını vurğuladı. Daha sonra o, Azərbaycanın əmək bazarı qanunvericiliyinin sosial yönümlü olduğunu, lakin sosial dövlət və liberal iqtisadiyyatlar arasında orta mövqe tutan hibrid modelə keçidə yönəldiyini bildirdi.
Daha sonra cənab Abbasbəyli iqtisadiyyat və əhalinin artımı arasındakı əlaqə haqqında ətraflı məlumat verdi və Azərbaycan kimi inkişaf etməkdə olan dövlətlərdə əhalinin sayının iqtisadiyyat ilə müqayisədə daha sürətlə artdığını qeyd etdi. Bu, kifayət qədər iş yerlərini təmin edə bilməmək kimi problemlərə gətirib çıxarır. Digər tərəfdən bu hal həm də bir üstünlük yaradır, çünki əhalinin artımı iqtisadiyyatda daha çox istehlak və tələb deməkdir, istehsalın artımı ÜDM-i artırır, və beləliklə, daha çox məşğulluq yaradır.
Cənab Abbasbəyli innovasiyaların, xüsusən də kənd təsərrüfatı kimi yüksək məşğulluq tələb edən, lakin aşağı məhsuldarlığa malik iqtisadi sektorlarda tətbiqinin əhəmiyyətini vurğuladı, həmçinin Azərbaycanda əmək müqavilələrinin sayına bərabər olduğu təxmin edilən qeyri-formal iqtisadiyyatın həcmindən danışdı.
Bundan başqa, o, rəqəmsal iqtisadiyyat və rəqəmsal transformasiyanın vacibliyini dilə gətirdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ən innovativ dövlət qurumlarından biridir və 130 xidmətdən 100-dən çoxu elektron şəkildə təqdim olunur. Sonda cənab Abbasbəyli çıxışını iqtisadi dayanıqlığın və diversifikasiyanın artırılmasında kiçik və orta biznesin inkişafının əhəmiyyətini vurğulayaraq yekunlaşdırdı.
Tədbir aktiv sual-cavab sessiyası və daha sonra işgüzar şam yeməyi ilə davam etdi.