24 oktyabr 2024-cü il tarixində AHK Azərbaycan qarşıdan gələn COP29 iqlim konfransına hazırlıq məqsədilə “İnnovasiya, Əməkdaşlıq, Transformasiya - COP29-dan gözləntilər” şüarı altında Enerji Keçidi üzrə İşçi Qrupunun növbəti iclasını keçirdi. İclas zamanı iştirakçılar dayanıqlı enerji sistemlərinə keçidi asanlaşdırmaq üçün vacib olan innovativ maliyyələşdirmə həllərini müzakirə etdi.
İclası açıq elan edən Enerji Keçidi İşçi Qrupunun vitse-sədri cənab Rəşad Hüseynli iştirakçıları salamladı və KPMG Azərbaycanın İdarəedici Partnyoru, KPMG Qafqaz və Mərkəzi Asiya üzrə Məsləhətçi Partnyoru cənab Vitaly Yakovlevi və KPMG Azərbaycanın Hüquq üzrə direktoru cənab Seymur Niftaliyevi təqdim etdi.
Cənab Vitaly Yakovlev çıxışında enerji keçidinin maliyyələşdirilməsi, bərpa olunan enerji və enerji təhlükəsizliyi məsələlərini gündəmə gətirdi. O, həmçinin COP29 Dünya İqlim Sammitinin əsas məqsədlərindən biri olan gələcəkdə yarana biləcək potensial iqlim risklərini azaltmaq məqsədilə yaşıl enerji təşəbbüslərinin maliyyələşdirilməsinin əhəmiyyətini vurğuladı. Bundan əlavə, Cənab Yakovlev, ölkəmizdə “Greenwashing”, iqlim dəyişikliyi, dekarbonizasiya, və yaşıl enerji investorları üçün mühitə dair məsələləri müzakirə etdi.
Daha sonra, cənab Seymur Niftaliyev çıxışında, iştirakçılara Azərbaycanda yaşıl infrastrukturun inkişafının vacibliyini izah etdi. Cənab Niftaliyev, ölkə üzrə təmiz enerji potensialını vurğuladı və yaşıl infrastrukturun inkişafını dəstəklənməsindəki İctimai-Özəl Tərəfdaşlıqların (Private Public Parnership) rolundan danışdı. O, bu infrastrukturun əhəmiyyətli sərmayə tələb etdiyini qeyd edərək, yaşıl layihələr üçün maliyyələşdirməni təmin edən “Yaşıl” kreditlər konseptini təqdim etdi.
İclas iştirakçılar arasında aktiv fikir mübadiləsi ilə yekunlaşdı.