AHK Azərbaycanın 29 may 2024-cü il tarixində AHK Azərbaycanın ofisində keçirilən İR və PTT İşçi Qrupunun növbəti görüşündə "Yeni işçinin işə uyğunlaşması prosesi" mövzusu müzakirə olundu.
Görüşü açıq elan edən, İR və PTT İşçi Qrupunun sədri, xanım Nigar Hüseynzadə iştirakçıları salamladı, görüşün gedişatı və mövzu barəsində görüş iştirakçılarına məlumat verdi. Xanım Hüseynzadə, iştirakçılara yeni AHK Human Resources Insights jurnallarını oxumağı tövsiyyə etdi. Daha sonra o, sözü qonaq məruzəçilər, AccessBank QSC-ın Təlim və inkişaf üzrə meneceri xanım Xumar Hüseynova və İnsan resursları biznes tərəfdaşlığı şöbəsinin rəhbəri xanım İlhamə Rüstəmliyə verdi.
Salamlama nitqi ilə çıxışına başlayan xanım Rüstəmli yeni işçinin işə uyğunlaşma prosesinin təşkili üçün HR-ın görməli olduğu vacib ön hazırlıqları barədə məlumat verdi. Eləcə də o bu prosesdə hədəfləri və mərhələləri müəyyənləşdirməyin vacibliyini vurğuladı. Xanım Rüstəmli, mentorun yeni işçilərlə tanışma və uyğunlaşmada dəstək olma və onların potensiallarını aşkar etməkdəki rolu barədə danışdı. Həmçinin, yeni işçinin oriyentasiyanı təşkil etməyin, irəliləyişləri izləməyin və rəy bildirməyin vacibliyini vurğuladı. Sonra sözü xanım Hüseynovaya verdi.
Xanım Hüseynova təqdimatına Alliant Credit Union-dan əldə etdiyi təcrübəsini görüş iştirakçıları ilə bölüşməklə başladı. O, həm işdə, həm də şəxsi həyatda pozitivliyin qorunması strategiyalarını müzakirə etdi. Daha sonra isə o, əməkdaşları işə bağlayan 12 amil barədə danışdı. Çıxışının sonunda isə onlayn təlim imkanları haqqında məlumat verdi.
Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı.