3 mart 2023-cü il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Rəqəmsal Transformasiya İşçi Qrupunun ilk görüşü keçirildi. Görüş Azərbaycanda biznesdə əsas innovasiya çağırışları mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edən cənab Tobias Baumann iştirakçıları salamladı və Rəqəmsal Transformasiya İşçi Qrupunun yeni sədri cənab Orxan Quliyevi təqdim edərək ona qarşıdakı fəaliyyətində müvəffəqiyyətlər arzuladı. Daha sonra cənab Orxan Quliyev özü haqqında qısa məlumat verdi və rəqəmsal transformasiya və innovasiya sahələrində daha çox mövzuları əhatə etmək üçün işçi qrupunun rebrendinqi haqqında danışdı.
PAŞA Holding MMC-nin İnnovasiya proqramı üzrə rəhbəri vəzifəsində çalışan cənab Fərrux Əliyev qonaq məruzəçi kimi görüşə qatılaraq bu sahədə öz təcrübəsini iştirakçılar ilə bölüşdü. Öz təqdimatında cənab Fərrux Əliyev innovasiya üçün stimullar, innovasiyanın qarşısını alan səbəblər, innovasiya strategiyasının vacibliyi haqqında danışdı və qlobal innovasiya tendensiyaları və prioritet istiqamətlər mövzusunda iştirakçıları məlumatlandırdı. Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə interaktiv sual və cavab sessiyası və müzakirələr ilə davam etdi.