DIHK İqtisadi Sorğusu Payız 2019

Alman Sənaye və Ticarət Palataları Qurultayı (DIHK) 2019-cu il, payızda keçirdiyi “İqtisadi geriləmə davam edir” İqtisadi Sorğusunun nəticələrini təqdim edir.

Bu payız şirkətlər ardıcıl olaraq üçüncü dəfə cari biznes vəziyyətini aşağı qiymətləndiriblər. Xarici ticarətdəki qeyri-müəyyənliklər Almaniyanın sənaye sektoruna öz təsirini göstərir, və bu geriləmə sənayeyə yaxın xidmət sektoruna eləcə də topdan satış təminatçılarına da mənfi təsir edir. İnşaat sektorunda gözlənilən mövsümi yaxşılaşma bu payız olduqca zəifdir. Pərakəndə və turizm kimi istehlakçıya bağlı sektorlar sabit daxili tələbatdan yararlanmağa davam edirlər.

Şirkətlərin biznes gözləntiləri ciddi geriləmədən əziyyət çəkir. Əvvəlcə yalnız ixrac yönümlü sənayeyə dair proqnozlar pisləşdi. Hal-hazırda azalma getdikcə daha çox yerli xidmət təminatçılarına, ticarət və hətta tikinti yönümlü sektorlara öz təsirini göstərir. Bundan əlavə, maliyyə sektoru yenidən zəifləyib. Xüsusilə beynəlxalq miqyaslı orta (işçi heyəti 200 və daha çox) və böyük müəssisələr (işçi heyəti 1000 nəfərdən çox) özlərini təhlükədə hiss edirlər. Şirkətlər hər zamankından daha çox (2010-cu ildən etibarən) iqtisadi siyasi vəziyyəti öz bizneslərinin inkişafı üçün risk amili kimi dəyərləndirirlər.

Sənayenin ixrac gözləntiləri aydın şəkildə pisləşir. Son iqtisadi və maliyyə böhranından bəri hər zamankından daha çox şirkət cansız xarici tələbatı gələcək biznes inkişafına təsir edən əsas risk amili kimi görür. Bir sıra bazarda proteksionizmin artması, ticarət münaqişələrinin kəskinləşməsi və “Brexit” zəif ixrac gözləntilərinin əsas səbəbləridir.

Şirkətlərin investisiya planları ardıcıl olaraq 5-ci ildir ki, geriləyir. Ən son sorğu nəticələri bu tendensiyanın sürətləndiyini göstərir. Əvəzləmə tələbi, rasionallaşdırma və ətraf mühitin qorunması maliyyə qoyuluşunun vacib səbəblərinə çevrilsə də, potensialın genişlənməsi vacibliyini itirir. Xarici ticarət mühiti şirkətlərin investisiya istəklərinə mənfi təsir göstərir. Geriləmə iqtisadiyyatın bütün sahələrində, xüsusilə sənaye və inşaat sektorlarında özünü göstərir. İnvestisiya planları bütün ölçülü şirkətlər üzrə azalır - ən böyük zərbə orta və böyük sənaye müəssisələrində müşahidə olunur.

Kəskinləşən iqtisadi vəziyyət məşğulluq sahəsinə də öz təsirini göstərir. Lakin biznes üçün ən böyük risk faktoru ixtisaslı kadr çatışmazlığı olaraq qalır. Ticarət, tikinti və xidmət sahələrində məşğulluq vəziyyəti sabit olaraq qalmaqdadır. İşçi heyəti 200 nəfərdən az olan kiçik və orta müəssisələr əsas işçi qüvvələrini saxlamağı, hətta yeni işçilər işə götürməyi düşünsələr də, daha böyük müəssisələr cari biznes vəziyyətinin qənaətbəxş olmaması səbəbindən nisbətən istəksizdirlər.

Cari sorğunu aşağıdan ödənişsiz olaraq yükləyə bilərsiniz:

Səhifələr: 61 səhifə | Faylın ölçüsü: 2.66 MB

Yüklə