AHK Azərbaycanın 24 may 2024-cü il tarixində AHK Azərbaycanın ofisində keçirilən Rəqəmsal Transformasiya İşçi Qrupunun növbəti görüşündə Rəqəmsal dövrdə dövlət xidmətlərində innovasiya mövzusu müzakirə olundu.
Görüşü açıq elan edən, Rəqəmsal Transformasiya İşçi Qrupunun sədri, cənab Orxan Quliyev iştirakçıları salamladı, görüşün gedişatı və mövzu barəsində görüş iştirakçılarına məlumat verdi. Daha sonra o, sözü qonaq məruzəçi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) Dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsinin müdiri cənab Semral Əliyevə verdi.
Salamlama nitqi ilə çıxışına başlayan cənab Əliyev ASAN Xidmətin 10 ildən artıq fəaliyyət göstərdiyini, ümumi 400 xidmətin mövcudluğunu və fəaliyyət istiqamətlərinin dövlət xidmətləri, innovasiyalar və sosial layihələr olduğunu qeyd etdi. ASAN Xidmətin orta günlük 40.000-dən çox müraciətinin olduğunu söyləyən cənab Əliyev, vətəndaşlara xidmətlərin daha əl çatan olması üçün səyyar xidmət göstərdiklərini də qeyd etdi. Xidmətlərin sadələşməsi və bürokratik əngəllərin qarşısını almaq məqsədilə ASAN İndeksin yaradılmasını və platformanın özündə Dövlət qurumları haqqında məlumatlılıq, Xidmətlərin qiymətləndirilməsi, Qiymətləndirmənin təhlili və Nəticələrin elan edilməsini cəmlədiyini vurğuladı. Cənab Əliyev ASAN Xidmətə vətəndaşların müxtəlif ideyalarını göndərməsi üçün İdeya Bankının yaradılmasını və 20 fərqli istiqamətdə müsabiqələrin keçirildiyini iştirakçılara bildirdi. Bundan əlavə vahid mərkəzdə ödəniş etmək üçün fəaliyyət göstərən ASAN Ödəniş və ictimai iştirakçılıq platforması olan, dövlət xidmətləri, kommunal xidmətlər, yol və nəqliyyat problemləri ilə bağlı şikayətlərin elektron formada göndərilməsini təmin edən ASAN Müraciət platformaları haqqında danışdı.
Cənab Əliyev həmçinin ASAN Viza (E-visa) barəsində də danışdı, burada yalnız 3 addımda (müraciət – ödəniş – E-visa) viza almağın mümkünlüyü və proses barədə görüş iştirakçılarını məlumatlandırdı. Cənab Əliyev ASAN modelinə tələbata görə ASAN Xidmət dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə etdiyi təcrübələri Özbəkistan, Tacikistan, İndoneziya, Uqanda və digər beynəlxalq tərəfdaşlarla bölüşdüyünü qeyd etdi. ASAN Xidmətin həmçinin süni intellektin tətbiqində bir sıra işlər gördüyünü bu istiqamətdə süni intellekt əsaslı çağrı mərkəzi, xidmət keyfiyyətinin qiymətləndirilməsi, dataların idarəolunması və proqnozlaşdırılması, nəzarət və monitorinqin süni intellekt həlləri ilə təmin edilməsi olduğunu söylədi. Cənab Əliyev ASAN Xidmətin ailə biznesinə asan dəstək verməsi məqsədi ilə ABAD-ın yaradılması barəsində məlumat verdi. Burada əsas məqsədin kəndli və fermerlərin məhsullarının brendləşdirilməsi, marketinq və logistikasının asanlaşdırılmasının təminatı olduğunu vurğuladı. Daha sonra, start-uplara dəstək məqsədilə yaradılan İNNOLAND və gələcəyə hədəflənən şagirdlərin iştirak etməsi üçün yaradılan Bilim Bakı Mərkəzi barəsində geniş məlumat verdi. Görüşünün sonunda ASAN Radio və ASAN Xidmətin beynəlxalq naliyyətlərindən danışan cənab Əliyev çıxışını sonlandıraraq görüş iştirakçılarına öz təşəkkürünü bildirdi.
Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı.